Qırxbulaq mahalının Ellər rayon mərkəzindən 10-12 km cənub-qərbdə, Qırxbulaq çayının sol sahilində, Küzəcik kəndi yaxınlığında yerləşən Təcirkənd kəndində 1828-ci ilə qədər yalnız Azərbaycan türkləri yaşamışdır. İrəvan xanlığının ruslar tərəfindən işğalından sonra kənd bir müddət xaraba qalmış, az sonra buraya İrandan, Türkiyədən köçürülüb gətirilmiş ermənilər yerləşdirilmişdir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə İrəvan nahiyəsinin Tacirbəy kəndi, həmin dəftərin 1728-ci il tərtibində isə Qırxbulaq nahiyəsinin Tecirdink kəndi kimi qeydə alınmışdır. 1826-1829-cu illər Rusiya- İran, Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qalan kənd Təcirabak adı ilə Qırxbulaq mahalının xaraba kəndləri siyahısına daxil edilmişdir. Toponimin etimologiyasından aydın görünür ki, əvvəlcə şəxs adından (Tacir bəy) yaranmış, sonralar cüzi fonetik dəyişikliyə uğrayaraq Təcirbəy (Təcirabak) şəklinə düşmüş, "Tacirin kəndi" anlamında Təcirabad da adlanmışdır. 1946-cı il aprelin 4-də kəndin adı dəyişdirilərək "Dərəbulaq" anlamı verən Dzoraxpyur qoyulmuşdur.
İsa Musayev