17.06.2025, 05:11
AZ EN
18.02.2024, 18:10 577

Qərbi Azərbaycan, Yanıqpəyə kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Yanıqpəyə kəndi Qaraqoyunlu mahalı ərazisində, Çəmbərək rayonunda, rayon mərkəzindən 35 kilometr şimal-qərbdə, Murğuz dağının qənşərində, Soyuqbulaq dağ silsiləsinin ətəyində, Dilican-Qırmızıkənd şose yolunun qərbində, Qaraqaya kəndindən 4 kilometr aralıda, meşəliklə əhatə olunmuş talada yerləşir.

Qərbi azərbaycanlıların 1988-ci il deportasiyasına qədər kənddə ancaq azərbaycanlılar yaşayıb.

Kəndin ərazisinin vaxtilə qışlaq yeri olduğu, XIX əsrin ortalarında məskunlaşdığı, yanmış və ya yandırılmış pəyə yerinin adını bildirdiyi barədə elmi fikir mövcuddur. Kənd əsasən Qaraqaya kəndindən çıxan ailələr tərəfindən məskunlaşdırılıb.

1897-ci ildə kənddə 133 nəfər, 1919-cu ildə 220 azərbaycanlı yaşayıb.

1919-cu ilin yayında bölgəyə erməni hücumları aramsız xarakter aldığından əhalinin arana köçməsi (qaraqoyunlular Qazax, Tovuz, Şəmkir bölgələrinə aran deyirdilər, yaşlı adamlar bu ifadəni indi də işlədirlər) qərara alınıb. Yanıqpəyəlilər bir il yarım bu rayonlarda qalıblar.

Kəndin qaçqın əhalisi sovet hakimiyyəti qurulduqdan sonra doğma yurda dönmək imkanı əldə edib. 1922-ci ildə kənddə 150 nəfər, 1926-cı ildə 167 nəfər, 1931-ci ildə 197 nəfər, 1959-cu ildə 383 nəfər, 1970-ci ildə 505 nəfər, 1979-cu ildə 523 nəfər, 1988-ci ildə 100 ailədə 534 azərbaycanlı yaşayıb.

Yanıqpəyə camaatının illərdən bəri topladıqları var-dövlət 1988-ci ildə erməni daşnaklarının əlinə keçib, bu yerlərin qədim sakinləri isə doğma dədə-baba yurdlarından qovulub didərgin salınıblar.

1988-ci ildən əvvəl isə kənddən köçüb Azərbaycanın və qonşu respublikaların müxtəlif bölgələrində məskunlaşan yanıqpəyəlilərin sayı 162 ailədə 700 nəfərdən ibarət idi.

1970-ci illərin sonlarında ermənilər Yanıqpəyənin adını dəyişib, Xancyan qoymaq fikrinə düşsələr də, kənd camaatının kəskin etirazından sonra 1978-ci il yanvarın 25-də kəndin adını coğrafi əlamətinə görə Azərbaycan dilində olan Meşəkənd adı ilə əvəz etdilər.

1991-ci il aprelin 19-da isə Meşəkənd adı yenidən dəyişdirilərək Antarameç qoyuldu.

* * *

Ümumi sahəsi 14,8 kvadratkilometr olan kənddə əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, tütünçülük, bağçılıq, qismən də arıçılıq olub. 1928-ci ilə qədər adamlar fərdi təsərrüfatlarında çalışıblar. Həmin ilin sonunda kənddə kolxoz təşkil edilib, sonralar bu kolxozun bazasında heyvandarlıq sovxozu yaradılıb.

Kəndin öz hesabına yeni orta məktəb binası, klub, poçt, hamam, elektrik dəyirmanı və s. ictimai binalar tikilib.

1988-ci ilin məlumatına görə, kəndin 8000 hektar torpaq sahəsi olub. Bunun da 3800 hektarını əkin və biçənək sahələri, 4200 hektarını isə otaraq-yaylaq sahələri təşkil edib.

Yanıqpəyə kəndinin yoldan kənarda yerləşməsi, burada daha çox əhalinin məskunlaşması üçün qeyri-münasib olması kəndin məskunlaşmasının bölgənin Tərsaçay şose yolunun ətrafındakı Polad, Salah, Qaraqaya, Çaykənd, Gölkənd kəndlərinin məskunlaşmasından sonrakı dövrə təsadüf etdiyini söyləmək ehtimalını gücləndirir. Lakin kəndin ərazisində yerləşən Almalı, Quzey Kalafa, Möhbalı, Xəlilkənd kəndlərinin yerində olan qədim qəbir daşları üstündəki yazı və damğalar, həmçinin Oğuz tayfalarına məxsus abidələr buranın tarixin daha erkən çağlarından məskunlaşdığını və türk-oğuz boylarının vətəni olduğunu söyləməyə əsas verir.

Yanıqpəyə kəndinin şərq tərəfindəki qalaça Dilican dərəsindəki Salah kəndinin örüşündəki Ağnabat qalaçasının tam oxşarı idi. VI əsrin oğuz-türk memarlığı üslubunda tikilmiş bu qalaçalar bir daha sübut edir ki, bu yerlər qədim Oğuz tayfalarının daimi məskəni və ya yaylağı olub.

Çar Rusiyası zamanında qonşu Çaykənddə 25 ildən artıq kovxalıq etmiş Mehralı Həsənxan oğlunun (Mehralı kovxanın) vaxtında Yanıqpəyə kəndi də həmin kovxalığın tərkibində olub.

1894-1896-cı illərdə kənddən 12 ailə yayılmış vəba xəstəliyindən qurtarmaq üçün Osmanlı ərazisinə köçüb.

Kəndin mərd və cəsur adamları 1905-ci və 1919-1920-ci illərdə erməni daşnak hücumlarına mətanətlə sinə gərərək yerli əhalinin itki verməsinin qarşısını alıblar. Xüsusilə 1919-cu il yanıqpəyəlilər üçün ağır il olub. Həmin ilin yazında Yanıqpəyə və Qaraqaya kəndlərinin ətrafındakı Qaragüney tərəfdən ermənilər kəndlərə hücum etdilər. Çaykənddən Həsənxan Muxtar oğlu, Yanıqpəyədən Talıb Abdulla oğlu, Həsən Sərdar oğlu, Qurban Xəlilov, Mustafa Şeləmən oğlu, Əhməd Mancanov, Həsənpaşa Talıbov, Əmirxan İsmayıl oğlu, Murquz və Alvız Mustafayevlər, Qaraqayadan Alaxançal İsgəndər, Qarabığ Sərdar və başqaları bu döyüşlərdə xüsusilə fərqləniblər.

1920-ci il mayın 31-də başqa Qaraqoyunlu kəndləri kimi, Yanıqpəyə kənd camaatı da doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Ermənilər Qoturbulaq yolunu bağladıqları üçün camaat Əmirxeyir-Toxluca yolu ilə Gəncəbasara köçməli olub. Bundan sonra ermənilər kəndə soxularaq ev əşyalarını, mal-qaranı, camaatın apara bilmədiyi əmlakını qarət edib daşıdılar.

Sovet hakimiyyətinin ilk illərində kənd ərazidə yaradılmış, Ardanış kəndindən Dilicana qədər bütün kəndləri əhatə edən Dilican rayonunun tərkibinə daxil idi. Bu həmin illərdir ki, Xalq şairi Səməd Vurğun uşaqlığında hər yay, gəncliyində isə (1923-cü ildə) 6 ay Qaraqoyunlu kəndlərində olmuş, Qaraqaya kəndində Nəsib Əfəndiyevin, Yanıqpəyə kəndində isə Həsən Sərdar oğlunun, Nuru Məmmədxan oğlunun, Əhməd Mancanovun evlərində qalmış, Dilican rayon komsomol komitəsində işləmişdi. Şairin məşhur “Dilican dərəsi”, “Ellər dünyası”, iki “Dağlar” şerləri məhz həmin dövrdəki təəssüratların nəticəsidir.

1937-ci ilin dekabrında yaradılmış yeni Çəmbərək (Krasnoselo) rayonunun tərkibinə daxil olan 20 kənddən biri də Yanıqpəyə idi. Kəndi sovet dövründə Qaraqaya kənd sovetliyinin tərkibinə daxil edilib.

Yanıqpəyə kəndində 1920-1930-cu illərdə ibtidai, 1930-1968-ci illərdə 7 illik, 1969-1988-ci illərdə orta məktəb fəaliyyət göstərib. Orta məktəbdə şagirdlərin sayı 210 nəfərə çatırdı. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR