17.06.2025, 05:01
AZ EN
10.06.2022, 12:06 678

Dərələyəz əzəli türk torpağıdır

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycan ərazisindəki ən qədim yaşayış məskənlərindən biri Dərələyəz mahalıdır.  Türk-oğuz yurdu olan Dərələyəz mahalı  2308 kv.km ərazini əhatə edir. Araşdırmalarda qeyd olunur ki,  Qərbi Azərbaycanın Dərələyəz mahalında tarixin ən qədim dövrlərindən  as, kas, sak, hors, şirak, qarqar, qayı, gəngər, qaşqay, gencək, muğ, quşçu, oğuz, ivə, yivə, cığatay,  çul, küyrəçi, sal, aban, xələc, və s. Türk tayfaları yaşamış və öz adlarını bir sıra etnotoponimlərdə (Ələyəz, Ərgəz, Hors, Hosdun, Zirək, Herher, Qaşqa, Gənzək, Quşçu, Cığatay, Cul, Göyərçin, Sallı və s.) əbədiləşdirmişlər. Qərbi Azərbaycanın Dərələyəz mahalının oykonim, oronim və hidronimlərinin hamısı türk mənşəli olmuşdur. Dərələyəz toponimi Azərbaycan dilində “iki dağ və ya dərə arasında çuxur” mənasında işlənən dərə sözü ilə alagöz türk etnonimi əsasında yaranmışdır. Oykonimini isə alagöz tayfa adını əks etdirən etnotoponim kimi izah edir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxanşura dairəsində Alagöz, Naxçıvan qəzasında Alagöz-Mirzə, Şərur-Dərələyəz qəzasında Alagöz kənd xarabalığı, Qars əyalətinin Ərdəhan dairəsində Alagöz adları ilə mənşəcə eynidir. Adın birinci komponenti olan ala sözü türk dillərində “geniş, böyük, uca” mənasında işlənir.

Tarix göstərir ki, ərazi V əsrdən yaşayış məskəni olmuş, VIII əsrdə  vulkan püskürməsi nəticəsində həmin ərazi, o cümlədən qədim insan məskəni olan Moz qəsəbəsi də dağılmışdır.

Tarixi arxeoloji qazıntılar zamanı Dərələyəz mahalının torpaq altında qalan şəhər izləri də bunu sübut edir. Dərələyəzin oğuz yurdu olması faktı dəfələrlə sübut olunmuşdur. Qeyd edək ki, oğuz yurdu Dərələyəzin qədimliyini sübut edən milli-mədəniyyət abidələri də mövcuddur. Dərələyəzdəki qoç daşlar, qoyun daş abidələri,   at daş abidələri mahalın qədimliyin – oğuz yurdu olduğunu sübut edir. Tədqiqatçılar araşdırma nəticəsində sübut edib ki,  erməni hansı ağılla Dərələyəz sözünü erməni söz hesab edə bilər: Bu toponim dilimizə mənsub olan Dərələyəz formasında olmuş, sonra Dərə və Ələyəz sözləri birləşərkən “ə” saitinin biri düşmüşdür. Türk dillərində ala-ələ sözü uca, yüksək mənasını ifadə edir. Dərələyəz sözü uca yüksək böyük dərələrdə olan kaslar, xəzlər, guzlar, oğuzlar, azlar, uzlar mənasındadır.

XIV-XVI yüzilliklərdə Dərələyəz bölgəsinin Teymurləngin və onun tərəfdarlarının tabeliyində olması, sonralar, yəni 1604-cü ildə isə Şah İsmayıl Xətai tərəfindən idarə olunmasına dair də faktlara rəst gəlinir. İndiki Ermənistan ərazisində qədim tarixi abidələrin böyük bir qismi Dərələyəzdədir. Bütün Qafqazı gəzən alman səyyahı və tarixçisi İ.Şopen demişdir ki, “Dərələyəz Qafqazın İsveçrəsidir”.

Şəruru-Dərələyəz qəzası İrəvan xanlığı dövründə (XVIII əsrin 40-cı illəri-1827) Şəruru mahal kimi onun tərkibinə, Dərələyəz isə Naxçıvan xanlığına daxil idi. Çar rusiyası Naxçıvan və İrəvan xanlıqlarını işğal etdikdən sonra burada “erməni vilayəti” yaratmışdır.

1840-cı il izibati-ərazi bölgüsü zamanı “erməni vilayəti” ləğv edildi, İrəvan və Naxçıvan qəzaları təşkil olundu. 1870-ci ildə isə Şərur və Dərələyəz torpaqları əsasında  yeni qəza – Şərur-Dərələyəz qəzası olmuşdu.

Əlverişli coğrafi mövqedə yerləşdiyinə görə, Dərələyəz mahalı ermənilər tərəfindən daha çox hücumlara, basqınlara məruz qalan bölgələrdən biri olmuşdur.

1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilər minilliklər ərzində azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan ərazisinə, o cümlədən Dərələyəz mahalına kütləvi surətdə köçürülməyə başlanmış, Rusiya imperiyasının dəstəyi ilə azərbaycanlılar öz dədə-baba torpaqlarından tədricən sıxışdırılıb çıxarılmış, mərhələlərlə deportasiyaya məruz qalmışlar. Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyişikliklərə məruz qalmışdı. Tədqiqatçlar qeyd edir ki,  köçürülmələrə qədər bölgədəki ailələrin 94,1 faizini azərbaycanlılar, 5,8 faizini ermənilər təşkil edirdisə,  köçürmələrdən sonra erməni ailələri 25,8 faiz-ə çatmışdır. Belə ki, 1828-1830-cu illərdə İran və Türkiyədən Dərələyəzə 2773 erməni köçürülüb məskunlaşdırılmışdır. Bundan sonra azərbaycanlıların qədim yaşayş məskənlərinin adları dəyişdirilməyə başlanmışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir.

1897-ci ilin məlumatında qeyd edilir ki, Dərələyəzin sahəsi 2972,3 kv.km, əhalisi 76551 nəfər idi. Əhalinin 70,5 faizi azərbaycanlı, 27,5 faizi ermən olmuşdur. 1918-1920-ci illərdə Dərələyəzin Azərbaycanlı əhalisi dəhşətli soyqırımına məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər. Terrorçu Andronik Ozanyanın hücumundan kökənli müsəlman-türk əhalisini xilas etmək üçün Azərbaycan hüdudlarına daxil olan Osmanlı Türkiyəsinin IV Qafqaz Ordusunun Musa Qarabəkir paşanın başçılığı ilə  əsgər-zabit heyətinin bir tağımı da Dərələyəz mahalında olmuşdur.

1920-ci il avqustun 10-da Rusiya KP-nın Qafqaz bürosu Azərbaycan SSR rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxarıb. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən, Azərbaycan SSR-nin rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası  tərkibindəki Qurdqulaq, Xaçik, Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistana qatılmışdır. Bu, Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (19921) şərtlərinə, eyni zamanda beynəlxalq hüquq normalarına tamamilə ziddir. Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km, ən hündür zirvə Kükü dağıdır. Həmin dövrdə Dərələyəz mahalında əhalinin zorla qovulması, deportasiyası başlamış, yaşayış məntəqələrinin dağıdılması və ləğv olunması 1988-ci ilə qədər mərhələli şəkildə davam etmiş, 48 kənd bir dəfə, 49 kənd 2 dəfə, 16 kənd 3 dəfə, 4 kənd 4 dəfə, 1 kənd 5 dəfə deportasiyaya məruz qalmış, dağıdılmış və ləğv olunmuş, əhalisi zorakılıqla qovulmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR