02.05.2025, 04:26
AZ EN
25.04.2025, 23:59 148

Qərbi Azərbaycan Xronikası: “Kəndimizdə 5 cavan oğlanı erməni sürücü maşınla qayadan atdı”

QƏRBİ AZƏRBAYCAN
  • "Baku TV"də Qərbi Azərbaycan xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Kəndimizdə 5 cavan oğlanı erməni sürücü maşınla qayadan atdı” adlı veriliş Loru mahalının Allahverdi rayonunun Aşağı Ayrım kənd sakini Məcid Həsənovun həyat hekayəsinə həsr olunub.

O, 1965-ci ildə doğulduğunu, ailədə 4 bacı, 2 qardaş olduqlarını deyib, uşaqlıq, orta məktəb illərini, yer-yurd adlarını xatırladıb, rayonun bəzi kəndlərində azərbaycanlılarla erməni və yunanların qarışıq yaşadığını söyləyib: “Oradakı bütün xoş xatirələr yaddaşımdadır. Biz səbirsizliklə yay tətilini gözləyirdik. Gözəl mənzərəli Ləlvər dağına köç edərdik, adət-ənənələrimizi qoruyub saxlayırdıq. Dağdan Arana köçəndə nənələrimiz fəsəli bişirər, quymaq çalardılar”.

Onun sözlərinə görə, orada azərbaycanlılara qadağalar qoyulur, vəhşiliklər edilirdi.

Aşağı Ayrım kənd sakini deportasiya həyatından da danışıb: “Vəziyyət get-gedə çətinləşirdi. Moskvada tələbə idim, 1988-ci ildə Novruz bayramında evimizə çox çətinliklə gəldim. İnsanlar mağazanın qarşısında toplaşmışdılar. Camaatla birgə 15 gün kəndi ov tüfəngləri ilə qoruduq. Moskvaya qaydandan sonra noyabr ayında Gəncədə yaşayan qohumlardan zəng gəldi ki, kənddə heç kim qalmayıb, iki nəfər qətlə yetirilib. Nəhayət, 1988-ci il noyabrın 30-da valideynlərim və nənəm Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndinə, oradan da Gəncəyə gəldilər. Ermənilər bütün əşyalarımızı avtomaşın qarşıq sürüb rayona aparmışdırlar”.

Ümumiyyətlə, həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)

Oxşar xəbərlər