Əməkdar jurnalist Yusif Rzayevin redaktoru olduğu kitabda, əsasən, Rəşad Məcidin bədii-publisistik yaradıcılığının son beş illik mənzərəsi əhatə olunub.
"Qala adam"da 2019-2024-cü illərdə müəllifin qələmə aldığı esse, məqalə və təəssürat yazıları ilə yanaşı, tanınmış elm xadimlərinin, qələm adamlarının onun müxtəlif səpkili mətnləri barədə düşüncələri, ciddi elmi-bədii yanaşmaları öz əksini tapıb.
"Qala adam" kitabının tərtibatçısı yazıçı, publisist Nadir Yalçın "Adam necə qalaya çevrilir?" adlı "Ön söz"də kitabın ərsəyə gəlməsi və nəşrdə toplanan mətnlər barədə ümumi fikirlərini bölüşüb:
"Rəşad müəllim üçün "beş" ölçü vahididir. O, sevgi şeirlərindən birində xoşbəxtliyi təcəssüm etmək üçün belə bir misra işlədir: "Biri beş eylər..." Digər bir şeirində də Şuşanı tərənnüm edəndə yazır: "Biri beş edəndir, güc artırandır..." Elə bil, beş rəqəmi onun alın yazısında qərar tutub. "525"dəki "5"lər də bunu təsdiq edər... 60 illik yubileyi münasibətilə son beş ilin Rəşad Məcidini "Qala adam"da oxuculara təqdim etməyin zəruri olduğunu düşündük".
"Qala adam"ın son bölməsi "60 ilin söhbəti"dir. "Bir il Ağdam-Bakı qatarında gecələmişəm" sərlövhəli müsahibədə işğaldan azad olunandan sonra Laçına və Ağdama ilk dəfə səfər edən Rəşad Məcid ötən illərin yada düşən xatirələrini və Zəfərdən sonrakı hisslərini dilə gətirib.
Mina RƏŞİD