30.06.2025, 06:39
AZ EN
26.07.2023, 13:10 1054

“Qərbi Azərbaycan Xronikası”: Haqqıxlı kəndi

QƏRBİ AZƏRBAYCAN
  • “Qərbi Azərbaycan xronikası” layihəsi çərçivəsində “Baku”TV-də sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti veriliş efirə gedib.

Bu dəfəki veriliş Qaraqoyunlu mahalının Haqqıxlı kəndinə həsr edilib.

Elçin Əlibəyli bildirir ki, Qazax rayonunun bu kəndindən təxminən Avey dağının arxasında Qərbi Azərbaycanın Loru mahalı görünür. Bu istiqamətdə isə  məşhur Dilican dərəsi deyilən Karvansara rayonu, Dilican dərəsi, ardınca isə həmin bəhs etdiyimiz Haqqıxlı kəndi, Qaraqoyunlu dərəsi, Şəmşəddin istiqaməti Qərbi Azərbaycanın bu mahalları ilə sanki birbaşa həmsərhəddi. Ordan köçüb gələn əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşsalar da, öz adət-ənənələrini qoruyub saxlayırlar: “Əslində, bu elin, bu camaatın adətləri ilə Haqqıxlı camaatının adətləri tamamilə eynidir. Göründüyü kimi, yalnız balaca bir dağ və ya dağ silsiləsinin ayırdığı kəndin, elin-obanın adət-ənənələri də təxminən eyni ola bilər. Bu gün də Haqqıxlı camaatının da burda məskunlaşmasının, eyni zamanda Qazağın bir neçə kəndində məskunlaşmasının da əsl səbəbi bundan ibarətdir ki, el çox yaxın idi, yurd yeri çox yaxın idi və onları sovet dövrü qurulan sərhədlər ayırırdı”.

Uğur Yəhyayev, Qazi:

-Ailəmiz 1988-ci il noyabrın 29-da Qərbi Azərbaycandan deportasiya olunanda  mənim 14 yaşım vardı. Uşaqlıq xatirələrimdə Haqqıxlı kəndi çox gözəl təbiətə malik, dağların qoynunda,  yurd yerləri ilə zəngin olan bir el-oba kimi qalıb. Mən Qazax rayonunu Ürkməzli kəndində məskunlaşmağına baxmayaraq, ürəyim  öz doğma yurdum Haqqıxlı ilə döyünür. Biz bu illər ərzində müəyyən çətinliklərə dözərək, həsrətə sinə gərərək o torpaqlara qayıtmaq ümidi ilə yaşayırıq.

Şairə Bəturə Yəhyayeva doğma kəndləri haqqında deyir:

-Dağların qoynunda, zümrüd meşələrin arasında yerləşirdi Haqqıxlı kəndi. Kəndin demək olar ki, hər bir nöqtəsinin aryı-ayrı adları olub. Çoxlu toponimlərimiz olub, addım başı toponim Haqqıxlı. Şinkar bulağı, Kartoflu Bulağı, Xudum bulağı, Üçbulaq, Gözdək, İvana, Qırxbulaq, Dombadaş, Danaqıran. Haqqıxlı elə bir yer idi ki, evdən ayağını yerə qoyanda çəmənliyə düşürdü. Elə bir gözəl yer idi ki, sanki çiçəklərdən yerdə xalı toxunmuşdu.

Altay İsmayılovun dediyinə görə, haqqıx deyilən belə bir mineral var. Haqqıxdan  hardasa, o dövr üçün muncuq kimi, bəzək əşyası kimi və hətta müalicəvi əhəmiyyəti olan bir daş kimi istifadə olunub.  Haqqıx mineralı Meldelyev cədvəlində öz yerini tutan minerallardan biridir, b.e.-dan əvvəl orada emal və istehsal olunurmuş. Makedoniyalı İsgəndər, Strabonon qeydlərində göstərilir ki, burda haqqıx muncuq düzəldilən bərk, sərd daşdır və həmin ərazilərdə yaxşı buğdalar yetişdirilirmiş, bu buğdaya haqqıx buğda deyilirmiş. Yəni Haqqıx kəndinin tarixi kökü də elə burdan qaynaqlanır. Həmin ərazidə Qızqalası, Məntək qalası,  Molla qayası, Oğlan-qız qalası,  Şəhər dərəsi kənd yeri deyilən qədim yurd yerləri var. Pir deyilən bir ərazi vardı kəndin qərb hissəsində, yəni günbatan hissəsində. Orda Til deyilən bir dağ var. Həmən o yarmçıq tikilinin  cənub tərəfində olan hissəsində  xaç izləri vardı. Lakin o xaç olan pirə biz sitayiş edirdik. Hətta Qazax rayonunun özündən də gəlib orda niyyət edirdilər. Bu aydın məsələdir ki,  dediyim o həmin tikili erməni tarixçilərinə də məlum deyildi ki, bu tarixi tikili kimlər təfədindən tikilib. Yəni tarixi ox qədimlərə gedib çıxırdı həmin abidənin. Onun tarixi çox qədimlərə gedir. Orda məşhur tayfalar Alqululuq, mənim ana tayfamdı,  Sonqululuq, onlar qardaş tayfalardır. Yəni Alqulular, Hüseynqulular, sonra Tülbaşlılar,  Qarabağlılar, Göybaşlılar, bunlar hamısı türk tarixinə aild olan tayfalardır. Sonra Qaraqasımlılar,  Tatarlar, kəndin ən böyük tayfalarından biri idi Tatarlar. Xannıqlar, Uzungöl,  Şəyməngölü,  Qaragöl, Cilligöl,  Gözdək gölü,  Aşağı göl, Məmməzə gölü, Hacının gölü, o göllərin hamısının yerli qaynaqları vardı.

Əvəz Nəbiyev bildirir ki, 1905-ci ildə bizim camaat Qaraqoyunluya köç ediblər. Kənd təsərrüfatlarından yeriyən heyvanlardan aparıblar, qalan nə varsa, ermənilər yağmalayıblar. Kimin xalça, klim qədim  nəyi varmış evində bütün əşyalarla birlikdə yandırıblar. Babamın da evini yandırıblar.  Babamın Qurani-Kərim kitabı vardı, kitabın həmin yanğında yalnız qıraq hissələri yanıb, bütün əşyalar yansa da,  Qurani-Kərim yanmayıb. Kitabı açanda görünür ki, bir hərfi belə təhrif olunmayıb, sadəcə qıraqları yanıb.Onun bir nüsxəsi də əmimgildədi. 

Altay İsmayılov daha sonra qeyd edib ki, Qafqaz İslam Ordusu gəlib keçəndə Haqqıxlı ərazisində düşərgə salmışdı. Türk qoşunları gedəndən sonra bir qrup erməni silahlıları kəndin üstünə hücum edir. Orda olan böyük bir mal-heyvan damına adamları doldurub bomba atırlar. Hardasa, 72 nəfər insan orda həyatını itirir. Hadisə zamanı orda olan iki nəfər salamat qalır və bu hadisəyə şahid olurlar. Həmin hadisədən sonra camaat  Qazağa, ordan da Şəkiyə qədər gəlib çıxıblar. Sonra 1920-ci ildə sovet hökuməti qurulandan sonra qayıdıblar kəndə, ordakı kütləvi məzarlığı da yığıb gətirib qəbiristanlıqdan kənarda basdırıblar. Bu, 1919-cu ildə olan hadisədir.

Burada nə qədər rahat yaşasaq da, hamımızın bir arzusu var ki, yaddaşlarımızda, yuxularımızda yaşatdığımız doğma Haqqıxlıya qayıdaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər