Bunu açıqlamasında Qarabağ Regional Enerji təchizatı və satışı idarəsinin baş mühəndisi Mübariz Zərbəliyev deyib.
Onun sözlərinə görə, Laçın Elektrik Şəbəkəsi əhalinin elektrik enerjisi ilə təchizatında fasiləsizliyi və dayanıqlılığı təmin edəcək:
“Mərkəzləşmiş qaydada fəaliyyət göstərən sistem şəhərin ərazisində yerləşən obyektlərin, yeni salınan yaşayış komplekslərinin, sosial təyinatlı infrastrukturun, tikintisi aparılan sənaye və kənd təsərrüfatı, həmçinin turizm obyektlərinin, xüsusilə əhalinin elektrik enerjisi ilə təchizatının fasiləsizliyini və dayanıqlılığını təmin edəcək”.
Baş mühəndis bildirib ki, mərkəzdə quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir:
“Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq və 0,4 KV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün “Laçın” yarımstansiyasından uzunluğu 4,8 km olan 2 dövrəli elektrik verilişi xətləri çəkilib.
Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir. Bu da öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır”.
M.Zərbəliyev əlavə edib ki, mərkəzdə yaradılan müasir şərait elektrik enerjisi verilişində planlı fasilələrin yaranması zamanı abonentlərı əvvəlcədən məlumatlandırmağa imkan yaradır:
“Bundan əlavə, elektrik enerjisi verilişində fasilənin yaranmaması üçün bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal İdarəetmə Mərkəzində avtomatik idarəetmə sistemi ilə təchiz olunub.
Eyni zamanda, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyası da həyata keçirilir. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir və idarəetmə əməliyyatları məsafədən icra olunduğu üçün daimi işçi heyətinə ehtiyac duyulmur”. (Report)