Bunu Şuşada jurnalistlərə müsahibəsində Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini Cəlil Məlikov deyib.
C.Məlikov bildirib ki, “Şuşa – İƏT-in Turizm Paytaxtı 2026” adlı tədbirlər çərçivəsində aprelin 28-də Qastronomiya günü və İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclası keçiriləcək. Aprelin 29-da isə İƏT Turizm nazirlərinin 7-ci iclasının keçirilməsi nəzərdə tutulur.
Cəlil Məlikov il ərzində tədbirlərin davam edəcəyini qeyd edib: “İl ərzində İƏT-ə üzv ölkələrdən turizm və media nümayəndələri Şuşa şəhərinə səfər edəcəklər. İlin sonunda ilin yekununa dair iclas təşkil olunacaq. Dövlətimiz İƏT-lə əməkdaşlığı mühüm hesab edir. Biz də turizm sahəsi olaraq sıx əməkdaşlıq aparırıq. Bu təşkilat çərçivəsində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə turizm operatorlarının görüşü keçirilib. İlk dəfə turizm təhsili şəbəkəsi yaradılıb ki, bütün üzv ölkələr bundan faydalanır”.
“Şuşa şəhəri, Qarabağımız dünya turizm xəritəsinə qapılarını yeni açır. Bizim isə turistlərə tövsiyəmiz odur ki, Şuşanı ancaq eşitmək, görmək kifayət deyil. Şuşanı yaşamaq lazımdır”, - deyə Cəlil Məlikov bildirib. (AZƏRTAC)