16.03.2026, 16:13
AZ EN
16.03.2026, 14:33 203

Kəlbəcərin Zallar kəndində su təchizatının qurulmasına başlanır

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcər rayonunun Zallar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi həyata keçiriləcək.

"Vətən səsi" xəbər verir ki, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı tender elan edib. Bildirilir ki, aprelin 20-dək davam edəcək satınalma predmetinin 5 milyon 381 min 539 manata başa gələcəyi ehtimal olunur. İddiaçılar aprelin 20-dək öz təkliflərini müvafiq sənədləri ilə birlikdə Tender Komissiyasına təqdim etməlidir.

Xatırladaq ki, Zallar kəndinin bərpası ilə bağlı təməlqoyma mərasimi 2023-cü ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Yanşaq kənd inzibati ərazi dairəsinə aid Zallarda ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Kənddə həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.

Zallar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

Elxan SALAHOV

 

Oxşar xəbərlər