Xanım Əliyeva Füzuli sakini Azad Əliyevlə ailə qurub. O müəllimdir. Bir vaxt ondan nə üçün işləmədiyini soruşanda o cavab verərdi ki, Füzuli işğaldan azad ediləcək, mən də orada açılan məktəbdə dərs deyəcəm. İllər ötür Xanım müəllimənin arzusu gerçəyə çevrilir. İndi o ailəsi ilə birgə Füzulidə yaşayır və həm də buradakı məktəbdə dərs deyir. Xanım müəllimə deyir ki, Füzulidə yaşamaq müqəddəs bir missiyadı. Biz bu şəhid qanı ilə alınmış torpaqlarda dərs deyirik, şagirdləri gələcək həyata hazırlayırıq, onları vətənpərvər ruhda böyüdürük. Məktəbdə şəraitimiz də çox gözəldi. Məktəb evimizə yaxındı, 4-5 dəqiqəyə burada oluruq. Xanım müəllimənin iki övladı da bu məktəbdə təhsil alır.
Azərbaycan televiziyasının çəkiliş qrupu bu günlərdə Füzuliyə gedərkən onların da evlərində qonaq olmuş, Xanım müəllimənin ailəsi və yaxınları ilə söhbət ediblər.
Ailənin başçısı Azad Əliyev ANAMA-nın əməkdaşıdı, torpaqlarımızın minalardan təmizlənməsində onun da payı var. Azad Əliyev deyir ki, Füzulidən ayrılanda 5-6 yaşım olardı. Ona görə də çox xatirəm yoxdur. Amma böyüklərimiz həmişə bizə Qarabağdan, Füzulidən danışıblar. İndi çox şükür, öz torpağımıza, yurdumuza qayıtmışıq. Burada yaşamaq üçün nə lazımdırsa təmin edilib, hər şey yaxşıdı…
Ailənin yaxın dostu Aynurə Rəhimova da söhbətə qoşulur. Deyir ki, onun da Füzulidən ayrılanda 6 yaşı vardı. Amma indi o gördüyü Füzulidən əsər-əlamət yoxdu. Deyir ki, Füzulidə onun xatırladığı heç bir şey qalmayıb, sanki tarixi torpağın altına gömüblər. Amma yaşadığımız acılara, ağır, üzücü həsrətə baxmayaraq bu gün o illərin boşluğunu indi Füzulidə yanan ocaqlar, sevgi dolu gülüş səsləri əvəz edir. Füzulinin balaca sakinlərinin gələcəklə bağlı arzuları da onlara ruh, həyat sevgisi bəxş edir.
Hazırladı: Mina RƏŞİD