06.08.2025, 22:53
AZ EN
06.08.2025, 17:14 143

Şəhid ailələri və qazilər diaspor gənclərinin yay düşərgəsində iştirak ediblər

QARABAĞ
  • Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin növbəti panelində şəhid ailələri və qazilərlə görüş baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, panel müzakirəsi Komitənin şöbə müdiri Cavid İsmayılın moderatorluğu ilə keçirilib. Panelin fəxri qonağı Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri və “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Orucova olub.

Görüş Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Sevinc Orucova çıxış edərək Azərbaycan dövlətinin şəhid ailələrinə, qazilərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Panel zamanı şəhid valideynləri övladlarının xatirələrini bölüşüb, qazilər isə döyüş yolları barədə danışıblar. Özbəkistandan olan iştirakçı Xulkaroy Racapovanın şəhidlərə həsr etdiyi şeiri isə böyük rəğbət və alqışlarla qarşılanıb.

Dünyanın müxtəlif ölkələrindən düşərgəyə qatılan soydaşlarımız azad Xankəndidə tədbirdə iştirak etməyin onlar üçün böyük qürur mənbəyi olduğunu bildiriblər və buna görə Azərbaycan dövlətinə dərin təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Düşərgədə dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb. (AZƏRTAC)

Oxşar xəbərlər