17.06.2025, 03:28
AZ EN
29.01.2024, 12:29 490

Zaman axarında əbədilik...

YAZILAR
  • Adəm övladı duyğuları fonunda olanları apaydın şəkildə, dərin həssaslıqla qavrayır. Bu mənada yurd sevgisi duyğuların ən müqəddəsi sayılır. Yalnızca Vətən eşqiylə döyünən qəlblər yeri-göyü lərzəyə gətirən pozulmaz salnamə şəklindədir. Bu salnamədə hər məqam yaz səhərinin üfüqləri kimi təmiz və pak görünür... Qəlb intəhasız Vətən məhəbbətiylə, eşqiylə alovlanır.

Bu müqəddəs duyğudan o da güc aldı və adını zəfər tariximizə, xatirələrini yaddaşlara həkk etməyi bacardı. Əliyev Altun Tağı oğlu 24 mart 2002-ci ildə Quba rayonunun Təngəaltı kəndində doğulub. Ailənin iki oğul övladından biri, evin sonbeşiyi idi.

Valideynləri onları böyüdüb boya-başa çatdırana qədər çox əzab-əziyyətlərə qatlaşıblar. Altun uşaqlıqdan mübariz ruhu, çılğın təbiəti, çevikliyi, mehriban və dürüst davranışıyla həmyaşıdlarından fərqlənib. 2008-2019-cu illərdə Təngəaltı kəndindəki Rizvan Cəbrayılov adına tam orta məktəbdə təhsil alıb. Təhsil aldığı illərdə müəllim və şagird yoldaşlarının sevimlisi olmağı bacarıb. 2019-cu ildə Bakı Avrasiya Universitetinə daxil olub. Lakin Vətən sevgisi onun bütün həyat yolunu dəyişməyə məcbur edib, beləliklə, təhsilini yarımçıq qoyub 2020-ci ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına daxil olub. Hər zaman ən ağır yükün altında belə mətin dayanan Altun ardınca 2023-cü ildə Qusar rayonundakı “N” saylı hərbi hissədə yenidən xidmətə qayıdıb. Həmin il aprelin 29-da müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının “Komando” hazırlığı kursunu bitirib.

Altunun ən böyük arzusu ali təhsilli hərbçi kimi ucalmaq idi. Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda başlanan lokal anti-terror tədbirləri vətənpərvər oğulun arzusunu ürəyində qoysa da, əbədiyyət zirvəsinə ucaldı. Bu zirvəyə gedən yolda irəliləməyi özünə şərəf bilən Altunun nakam və şərəfli həyat yolu xalqın yaddaşında müqəddəs və mübarək tarixə çevrildi. Altunun yaşanmayan gənclik, tələbəlik illəri arzuları ilə birlikdə, ata-anasının da sabaha bağlı ən xoş ümidi, xəyalları tamamlanmamış oldu.

Valideynləri ilə hər söhbətimdə dillərindən “Vətən sağ olsun!” kəlməsi əskik olmur. Atası "ailəni fəhləlik edərək dolandırmışam deyir". Qabarıq əllərdə, çöhrədə çətin və acılı xatirələrin açdığı qırışların cığırı görünür. Bir anlıq söhbət əsnasında xəyallarım Altunlu illərə səyahət edir. O illərin xatirəsi gözlərim önündən kino lenti kimi ötür. Universitetə hazırlıq dönəmində imkanımız olmadığından ikimiz bir testdən, bir kitabdan istifadə etdiyimiz günləri xatırlayıram. Eyni çətinlikləri yaşamışdıq. Biz kitab dostu olmuşduq Altunla. Nədənsə şikayətləndiyini, çətinliyə üsyan etdiyini görmədim. Onun yaddaşı altun kimi parlaq idi. Heç vaxt yorulmazdı, dincəlməzdi. Yay tətilində də boş oturmazdı. Qardaşı ilə birgə işləyib, ailəsinə dəstək olardı. Çox zəhmətkeş, ağıllı, həm də vətənpərvər oğul idi.

Universitetə eyni ildə qəbul olunduq. Eyni vaxtda tələbə adının sevincini yaşadıq, fəqət fələk amansız oldu. Universiteti bir yerdə bitirmək qismət olmadı. Hər şey sonsuz heçliyə döndü, təkcə o zamanın axarında ölümsüz olmağı bacardı. 21 yaşlı Vətən sevdalısı 2023-cü il 19 sentyabrda öz xidməti vəzifəsini yerinə yetirən zaman canından çox sevdiyi Azərbaycanı uğrunda ən uca məqama yetişdi. Cəsur döyüşçünün nəşi doğulduğu Təngəaltı kəndinin qəbiristanlığında torpağa tapşırıldı. Altun Vətəninin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən fərqlənib. Daxili qoşunların hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət çəkən əsgər Əliyev Altun Tağı oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” medalı, sertifikat və təşəkkürnamələrlə təltif olunub.

Əbədiyyəti nurlu olsun!

Məleykə QAFAROVA,

BDU Jurnalistika fakültəsinin tələbəsi

Oxşar xəbərlər

SON XƏBƏRLƏR