Müxtəlif erməni KİV-lərinin yaydıqları xəbərlərə görə noyabrın 21-də günortaya yaxın İrəvanın «Azadlıq» meydanında əsir və itkinlərin valideynlərinin, qohumlarının növbəti etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Rusiya Prezidenti Vladimir Putinin noyabrın 22-də İrəvana gözlənilən səfərinə daha çox ümid bağlayaraq bildiriblər ki, Paşinyan iqtidarı bu sahədə də heç bir müsbət addım ata bilmir. İtkin anası belə bir maraqlı faktı açıqlayıb ki, müharibə vaxtı övladlarından biri həlak olub, digəri isə itkin düşüb. Bir az sonra isə evləri yanğın nəticəsində sıradan çıxsa da hökumət ona heç bir dəstək göstərmir. O, bununla bağlı narazılığını bildirdikdə isə hədə-qorxu ilə üzləşib. Ona bildirilib ki, bir də iqtidar əleyhinə kəskin fikirlər söyləsən, o biri oğlunu həbs edəcəyik. Digər erməni qadın isə deyib ki, hökumət itkin düşənlərin axtarışı ilə lazımi səviyyədə məşğul olmur. Nazirlər kabinetində bu işlə milli təlükəsizlik xidmətinin və müdafiə nazirliyinin ciddi məşğul olduqlarını bildirirlər. Amma həm MTX, həm də müdafiə nazirliyi axtarış işlərini bir-birinin üstünə atırlar. Əsirlikdən nə vaxtsa qayıdacaq ermənilərin artıq Ermənistanı sevməyəcəyini, «bu vətən mənim üçün nə edib ki, sevəm» deyəcəyini xüsusi intonasiya ilə bildirən həmin qadın Rusiya prezidenti Putin gələndə mitinq keçirib, onların övladlarının qaytarılması üçün yalvaracaqlarını bildiriblər.
NƏSİB