Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Günay Əfəndiyeva deyib.
O bildirib ki, işğaldan azad olunan digər ərazilər kimi Ağdərə də yenidən qurulur. Prezident İlham Əliyevin səfər etdiyi Ağdərə rayonun Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərində evlər tikilib, yollar, parklar salınıb, sosial infrastruktur obyektləri yaradılıb, sakinlər üçün iş yerləri açılıb. Qozlukörpü kəndində Su Elektrik Stansiyasının, Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti bölgədə təbii ehtiyatların səmərəli istifadəsi və ümumilikdə dayanıqlı iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, Ağdərə ərazisində dövlətimizin başçısı tərəfindən Xüsusi Əməliyyat Mərkəzinin təməlinin qoyulması hərbi hazırlığın təkmilləşdirilməsi, dövlətimizin müdafiə və təhlükəsizlik strategiyasının həyata keçirilməsi yönündə mühüm əhəmiyyət daşıyır.
G.Əfəndiyevanın sözlərinə görə, Prezident İlham Əliyevin yerli sakinlər ilə görüş zamanı “Ağdərə şəhərini də biz yenidən quracağıq. Bura çox gözəl bir sənaye və turizm mərkəzi olacaq” sözləri rayonun həm iqtisadi, həm də mədəni baxımdan gələcəyinə böyük inamın göstəricisidir. Ağdərə öz təbii gözəlliyi ilə yanaşı, çoxəsrlik tarixi, mədəni irs nümunələri, o cümlədən məbədlər, qədim yaşayış məskənləri, kurqanlar, dini və memarlıq abidələri ilə zəngin bir bölgədir. Təəssüf ki, işğal dövründə onların bir qismi dağıdılıb, talan edilib. Rayon ərazisində ilk tunc dövrünə aid Xaçınçay kurqanları aşkar edilib. Çıldıran kəndində XII əsrə aid “Alban məbədi”, XIII əsrə aid “Qırmızı məbəd” yerləşir. Çapar kəndində qala və məbəd memarlıq abidələri var. Mədəni abidələr həm keçmişimizi, həm də milli kimliyimizi yaşatmaq baxımından əvəzsizdir.
“Ötən il, 2025-ci ilin martın 18-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak etdilər. Bu, milli-mənəvi dəyərlərimizin qorunmasının və inkişaf etdirilməsinin dövlətimizin prioritet istiqamətləri sırasında dayandığının daha bir təsdiqidir. Düşünürəm ki, Ağdərə abadlaşdıqca həm mədəni-mənəvi irsi ilə, həm də perspektivləri ilə ön plana çıxan bir mərkəzə çevriləcək”, - deyə G.Əfəndiyeva vurğulayıb. (AZƏRTAC)