Bu sözləri teleaparıcı, ssenarist, rejissor, jurnalist İlham Tumas Report Media Məktəbinin tələbələri ilə görüşü zamanı səsləndirib.
Jurnalistikanın mahiyyəti, informasiya dəqiqliyi və etik prinsiplər barədə danışan teleaparıcı bildirib ki, jurnalistin əsas vəzifəsi dəqiq və yoxlanılmış məlumatı ictimaiyyətə çatdırmaqdır. Onun sözlərinə görə, jurnalistika məhz faktlar üzərində qurulduqda etibarlı dəyər qazanır.
İ.Tumas qeyd edib ki, mənbələr və arxiv materialları ilə işləmək peşədə mühüm rol oynayır.
"Bu materiallardan istifadə edərkən media etikasına və qanunvericiliyin tələblərinə ciddi riayət olunmalıdır" – jurnalist bildirib.
O, həmçinin jurnalistin ictimai əhəmiyyətli məlumatla məxfi informasiyanı fərqləndirmə bacarığının vacibliyini və bunun peşəkarlığın əsas göstəricilərindən biri olduğunu vurğulayıb.
İlham Tumas 1972-ci ildə Sumqayıtda anadan olub. Bakı Dövlət Universitetinin fizika (1990–1992) və Sosial elmlər və psixologiya fakültəsində (1993–1996) təhsil alıb, ixtisasca filosofdur. Birinci Qarabağ müharibəsi veteranı, İkinci Qarabağ müharibəsi iştirakçısıdır.
Mətbuatda ilk yazısı 1992-ci ildə "Azərbaycan" qəzetində dərc olunub. "Avrasiya", "Kino", "Ayna", "Ekspress" kimi qəzetlərdə işləyib. Televiziyalarda sənədli filmlər müəllifidir. Bir sıra televiziya kanallarında çalışıb.
"Gizli tarix", "Dünyanın gizli ocağı: Vatikan", "Casusluq, kəşfiyyat, müharibə tarixindən", "Amansız qətllər", "Dünyanın gizli tarixi: İblislər və mələklər", "Gizli cinayətlər", "Prezidentə sui-qəsd", "Məbəd döyüşçüləri" kitablarının müəllifidir.
Hazırda İctimai TV-də yayımlanan "İstintaq davam edir" verilişinin aparıcıdır. (Report)