Bunu politoloq Elxan Şahinoğlu açıqlamasında deyib.
Politoloqun fiktinə görə, İranın xarici siyasətini müəyyənləşdirənlərdən də bir-birinə zidd açıqlamalar eşitmək olar: "Misal üçün İranın xarici işlər naziri Abbas Araqçının Azərbaycana hər hansı iradının olduğu barədə məlumat və ya açıqlama yoxdur. Buna baxmayaraq, ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşdə rəsmi Bakının xarici siyasətindən gileylənərək deyib ki, “Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür”.
Nədir Azərbaycanın islam dünyasına “zidd siyasəti”? Vilayətinin Azərbaycana iki “iradı” var.
Birincisi, Bakı Suriya ilə İsrail arasında vasitəçilik edir və bu Vilayətinin yanlış məntiqinə görə İslam dünyasının mənafelərinə ziddir. Halbuki, Tehran özü də İsraillə müharibəni bitirmək üçün üçüncü dövlətlərin vasitəsilə Tel-Əvivə mesajlar göndərirdi. Əgər Bakının vasitəçiliyi sayəsində İsraillə Suriya arasında gərginlik azalacaqsa, bölgə yeni müharibə təhlükəsindən qurtulacaqsa, bunun nəyi pisdir ki? Məgər bölgədə yeni müharibə İslam aləminin maraqlarına xidmət edir? Əslində Vilayəti bu açıqlamasıyla Suriya-İsrail gərginliyinin İrandakı rejimin maraqlarına cavab verdiyini biruzə vermiş olub. Halbuki, bu gərginlik İranda yaşayan xalqların mənafelərinə uyğun deyil. İrandakı xalqlar milyardlarla dolların nüvə proqramına, proksi qüvvələrə xərclənməsinə deyil, sosial problemlərin həllinə yönəldilməsinin tərəfdarıdırlar. Ancaq Vilayəti kimilərini bu az narahat edir. Vilayətinin ikinci “iradı” onadır ki, Azərbaycan İsrailə neft satır, bu da köhnə mahnıdır. Azərbaycan nefti Türkiyənin Ceyhan limanı üzərindən satışa çıxarılır, hansı şirkət uyğun qiymət verirsə, Azərbaycan neftini tankerlərə doldurur və istədiyi ölkəyə satır. Vilayəti bunu çox gözəl bilir, sadəcə, illərdir onda formalaşan anti-Azərbaycan mövqeyi ölkəmiz əleyhinə istənilən saman çöpündən yapışmağa sövq edir".
E.Şahinoğlu daha sonra vurğulayıb ki, Azərbaycan torpaqları işğal olunarkən, erməni separatçıları Qarabağda məscidləri dağıdarkən, Vilayəti İranın xarici işlər naziri idi: "O zaman ondan “tık” səs çıxmadı, bircə dəfə demədi ki, İslam dünyası ermənilərin məscidləri dağıtmasına qarşı səsini çıxarmalıdır. Ancaq elə ki, Azərbaycan ərazilərini işğaldan azad etdi və məscidləri bərpa etməyə başladı, nədənsə Vilayəti kimilər bundan narahat olmağa başladılar. Bu onu göstərir ki, Vilayəti kimilər hər zaman İran-Azərbaycan münasibətlərinin normallaşmasının əleyhinə olacaqlar".
Tahirə AĞAMİRZƏ