17.06.2025, 03:22
AZ EN
14.01.2022, 16:18 273

Ermənilər gələcəklərinə ümidsiz baxırlar

YAZILAR

Yeni ilə qədərki qarışıqlıqlardan sonra İsa peyğəmbərin mövludu günündə də bir-birini qarşılıqlı ittiham edən və az qala əlbəyaxa davaya çıxan Ermənistanın iqtidarı və müxalifəti Qazaxıstan hadisələrinə də əsl erməni prizmasından yanaşırlar. Belə ki, KTMT üzvü olan Qazaxıstanın prezidenti Qasım-Jomart Tokayevin Nikol Paşinyana zəng etməsi və ondan ermənilərin yazdıqları kimi desək, kömək istəməsi sağlam düşüncəli hər kəsdə ən azı ironik təbəssüm yaradır. Çünki KTMT-nin nizamnaməsinə uyğun olaraq üzv dövlətlərin rəhbərləri növbə ilə həmin təşkilatın sədri hesab olunur.

Ötən il oktyabrın 27-dən Ermənistanın baş naziri həmin funkisyanı yerinə yetirir və təbii ki, Qazaxıstanın prezidenti subardinasiya qaydalarına uyğun olaraq ilk dəfə ona müraciət etməli idi. Ermənilər dövlətlərarası münasibətlərə həmişə öz mentalitetləri çərçivəsində baxdıqlarından bu məsələyə də savadsızcasına münasibət bildiriblər. Onların çoxu həm yazılı, həm də elektron informasiya vasitələrində bildirirlər ki, 44 günlük müharibədə və 2001-ci il mayın 12-dən sonra Ermənistan-Azərabycan sərhdədində yaranmış münaqişə zamanı dəfələrlə KTMT-ya üzv ölkələrin rəhbərlərinə müraciət olunaraq yardım istənilmişdir. Amma onlar müxtəlif siyasi manevrlərlə Ermənistana hərbi dəstək göstərməyiblər. Ona görə də Qazaxıstana nəinki erməni sülhməramlılarının, digər üzv dövlətlərin də hərbiçiləri göndərilməməli idi. Həmin hadisədən indiyədək bu mövzu Ermənistan KİV-lərində ən çox qabardılan mövzudur. Ermənistan milli məclisinin təhlükəsizlik və müdafiə komissiyasının sədri Andranik Koçaryan yanvarın 11-də sözü­gedən komissiyanın icrasında bəzi nüanslara toxunaraq Ermə­nistanın həmin əməliyyatda iştirakının qanuniliyini bildirsə də «Hayastan» və «Badiv unem» fraksiyalarının nümayəndələri sağlam məntiqlə heç bir uyğunluğu olmayan belə bir fikir irəli sürmüşlər ki, 2018-ci ildə Paşinyanın rəhbərliyi altında xalq kütlələrinin etirazları olmuşdu və o vaxtkı iqtidar KTMT-ni həmin iğtişaşların qarşısının alınmasına cəlb etməmişdir. A.Koçaryanın «o vaxt inqilab edənlər heç bir hərbiçini və polisi öldürməmişdi ki, hakimiyyət güc tətbiq etməyə məcbur olaydı. Əksinə, konstitusiyaya uyğun olaraq seçkilər keçirilmişdi və müxtəlif partiyalar qanunverici orqanda iştiraka cəlb olunmuşdular. Amma 2008-ci il martın 1-dəki aksiyalar zamanı Ermənistan hökuməti dinc nümayişçilərə qarşı güc tətbiq edərək xeyli adamın həlak olmasına gətirib çıxartmışdı» deməsi müxalifləri daha da coşdurub. Müxalifət nümayəndələrinin bu fikirlərlə barışmayaraq Paşinyanın Qazaxıstana 100 er-məni əsgərini göndərməsinin qeyri-qanuni olduğunu vurğulamış və bununla bağlı yazılan şərhlərin əksəriyyətində qazaxların da türk olduğu vurğulanır və onlarla əməkdaşlığın yolverilməzliyi bildirilir. Hətta bəzi sosial şəbəkə istifadəçiləri belə bir gülməli fikir irəli sürürlər ki, qazaxlar həmin erməni əsgərlərini əsir tutub, Bakıya təhvil verəcək, Bakı isə Ermənistandan yenə nəsə tələb edəcəkdir.

«Joğovurt» qəzentinin 12 yanvar tarixli «Papikyan hərəkətə keçdi» sərlövhəli məqalədə göstərilir ki, Ermənistanın müdafiə nazirliyində kadr dəyişiklikləri davam edir. O, müdafiə nazirinin siyasi işlər üzrə müavini Artak Tonayanı sərəncama göndərməklə onun yerinə hərbi təhsili olmayan partiya yoldaşı Arman Sarkisyanı təyin edib. A.Sarkisyan müxalif jurnalistin «Nə üçün müdafiə nazirinin müavini peşəkar hərbiçi yox, mülki şəxs olub?» sualını belə cavablandırıb: Mən siyasi işlər üzrə müavinəm, nazirin köməkçisi deyiləm ki, hərbiçi olaydım. Digər müxalif jurnalistin «Azərbaycanla sərhəddə atışmalar getdiyi, erməni əsgərlər öldürüldüyü bir vaxtda Qazaxıstana əsgər göndərilməsi, nə dərəcədə doğrudur?»  sualını isə nazir müavini «biz müxalifəti göndərmirik ki, onları göndərsək getməsin» - deyə qəzəblə cavablandırıb. Bəzi erməni sosial şəbəkə istifadəçilərinin Paşinyan haqqında dedikləri «Baş nazir 2 saat ərzində məsələni həll etdi» sözləri isə təbii ki, Paşinyan tərəfdarlarının təbliğatının növbəti nümunəsidir.

Türkiyə ilə Ermənistan xüsusi elçilərinin Moskva görüşü də geniş şərh olunan mövzulardandır. Erməni müxalif mətbuatı bu görüşün əleyhinə olmaqla bildirir ki, kapitulyant Paşinyanın komandasında olan Ruben Rubinyan özü həm də türkiyəpərəstdir və o Ermənistanın xeyrinə nəsə iş görə bilməz. Yerigəlmişkən xatırladaq ki, Ruben Rubinyan Ermənistan milli məclisinin vitse-spikeridir. O, erməni jurnalist Hrant Dink öldürülərkən 2 il Türkiyədə müstəqil tədqiqatçılar qrupunun üzvü olub. Məhz ona görə də erməni müxalifəti onu türk agenti adlandırır. Amma Ermənistanın iqtidar mətbuatının yazdığına görə, R.Rubinyan erməni, rus, ingilis dillərini yaxşı, türk dilini isə orta səviyyədə bilir və cavan olsa da Türkiyənin nümayəndəsi səfir Sərdar Kılıç qədər siyasi səriştəyə malikdir. Hər iki nümayəndənin Moskvadakı ilk görüşünün necə keçəcəyindən asılı olmayaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bəzi ermənilərin də ürəyincədir.

«Joğovurt» qəzeti 12 yanvar tarixli sayındakı «Gürcüstan özünün 68 milyon dram həcmində kapitalını Ermənistandan çıxarıb» sərlövhəli yazıda Ermənistan statistika komitəsinin rəsmi məlumatına əsasən yazıb ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Rusiya isə 23 milyard 140 milyon investisiya vəsaitini geri çəkib. Amma RF 2021-ci ildə Ermə­nistana 11 milyard 392 mil­yon dram vəsait qoyub. Sərmayə vəsaitini geri çəkən ölkələr sırasında Fransanın da adı var: 3 milyard 694 milyon 400 dram. Bu olaylar da həm müxalifətin, həm də bir sıra müstəqil ekspertlərin Paşinyan hökumətinə qarşı tənqid mövzularından biri olub.

Ötən il yanvarın 11-də Moskvadakı üçtərəfli görüşün və bəyanatın birinci il dönümü ilə bağlı müxtəlif fikirlər də mətbuatda özünə yer alıb. Ermənilər ənənəvi qaydada bildirirlər ki, Moskva görüşü kimi, Soçi və Brüssel razılaşmaları da yalnız Azərbaycanın mənafeyinə xidmət edir. 

Ümumiyyətlə götürdükdə isə ermənilər öz şər-böhtan kampaniyalarını davam etdirir və Yeni ili ümidsizliklə qarşıladıqları kimi, gələcəyə də ümidsiz baxırlar.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR