27.06.2025, 19:23
AZ EN
04.03.2022, 14:40 242

Ermənilərin beyinləri “yuyulub”

YAZILAR

Baharın ilk ayı Ermənistan siyasi mühitinə yeni soyuqluq gətirib. Separatçı rejimin başçısı Araik Harutyunyanın «Nikolu “Arsax”a mən buraxmıram» sözlərindən sonra həm Ermənistanın iqtidar nümayəndələri, həm də «Qarabağ klanı»nın əleyhdarları açıqlamalar verərək Araikin heç bir səlahiyyəti olmadığını, Ermənistan büdcəsindən ayrılan pullarla özünə dəbdəbəli həyat qurduğunu, nə vaxtsa Azərbaycan tərəfindən həbs olunacağını bildirirlər. Bu barədə yazan «Hraparak» qəzeti onu da əlavə edir ki, xüsusilə indiki dövrdə hər bir şəxs dediyi sözlərin fərqinə varmalıdır.

Antirusiya çıxışları ilə diqqəti cəlb edən milli demokratik «Qütb» adlı təşkilat bu il ilk mitinqini keçirib. Ukrayna şairi Taras Şevçenkonun İrəvandakı abidəsi önündə baş tutan bu azsaylı mitinqdə Ukraynanın dəstəkləndiyi və Rusiyanın təcavüzkar olduğu vurğulanıb. Çoxu uşaqlardan ibarət olan 40 nəfərə yaxın mitinq iştirakçıları Rusiya ilə bütün əlaqələri kəsməyin vacib olduğunu bildiriblər. «Qütb»çülər həmişə irəli sürdükləri bir fikri yenə də vurğulayıblar ki, Ermənistan Rusiyadan biryolluq ayrılıb, Fransa və İran kimi sadiq dostlarla əməkdaşlığını genişləndirməlidir.

«Yeni ərazilər uğrunda yeni mü­haribə» şüarı ilə Ermənistan siyasətində populyarlaşan Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın həbsdən buraxılması ilə bağlı müraciət də geniş müzakirə olunmaqdadır. Ermənistan milli məclisinin «Hayastan» frak­siyasının nümayəndəsi Aram Vartanyan milli məclisin dövlət quruculuğu məsələləri üzrə daimi komissiyasının iclasında David To­noyanın mənafeyini müdafiə edərək baş nazir Nikol Paşinyana qarşı kəskin ittihamlar irəli sürüb. O deyib: «Paşinyan ölkəyə bəla gətirdi. Onun təqdim etdiyi ideologiyadan heç bir müsbət enerji almırıq».

«Vətəndaş müqaviləsi» fraksiyasının nümayəndələrinin bu məsələ ilə bağlı cavabları kəskin mübahisələrə səbəb olub. Onlar bil­di­riblər ki, münaqişənin sivil yolla nimazlanması üçün göstərilən cəhdlər məhz Koçaryan və Sarkis­yan tə­rəfindən rədd edilərək arxivə atılıb.

«Joğovurt» qəzetinin 1 mart ta­rix­li sayında türkoloq alim Kristina Melkonyanın «Azərbaycanlılar və türklər erməni alimlərinin əsərlərini təkzib edirlər» sərlövhəli təhlili yazısı dərc olunub. O, qeyd edir ki, «təkcə son bir ildə Azərbaycan alimləri xarici dillərdə 60-dan çox elmi əsər dərc edərək erməni alimlərinin əsərlərini təkzib ediblər. Bəs, biz nə etmişik? Təəssüf ki, heç nə. Artıq dünya ictimaiyyəti on­ların yazdıqlarına inanmaqdadır».

K.Melkonyan onu da vurğulayıb ki, İranın mədəniyyət nazirinin Nizami Gəncəvini fars şairi və mütəfəkkiri adlandırması qonşularla elmi mübahisələrə səbəb olub. O, İranın mövqeyini müdafiə edərək dahi şairimiz Nizami Gəncə­vinin qüdrəti qarşısında aciz olduqlarını büruzə verir.

«Hraparak» qəzetinin 2 mart tarixli sayında dərc olunmuş «Müharibədə qalib gəlmək üçün insanların beyinlərini yuyurlar» sərlövhəli yazıda bir növ gülməli görünən fikirlər irəli sürülüb. Bu nəşrin yazdığına görə, normal təhsil və tərbiyə görmüş insan müharibə istəməz. Onların beyinlərini yuyurlar. Müzəffər Azərbaycan ordusunun əsgərlərinin Vətənə, millətə olan sevgisi sayəsində ölümün gözlərinə dik baxması ermənilərin məntiqinə görə vətənpərvərlik nümunəsi deyil. Amma saxta tarix yaradıb, «böyük Ermənistan» uğrunda mübarizə aparmaq vətənpərvərlikdir». Bu yazını oxuduqca ermənilərin müasir dünyanın reallıqlarından çox uzaq olduqları açıq-aydın görsənir.

Həmin qəzetdə «Məktəblərdə Soros tədris olunur?» sərlövhəli yazıda da şovinist ideyalar təbliğ olunur. Erməni məktəblilərinin yalnız Qaragen Njde kimi cəlladın yazdığı «Milli din» əsərindəki tezislərlə tərbiyə olunmasının va­cib­liyi irəli sürülür.

«Joğovurt» qəzetinin «Əkin sahələri və məhsuldarlıq azalıb» sərlövhəli yazıda isə göstərilir ki, Qarabağdakı 95 min hektar taxıl sahəsinin 90 min hektarı azərbaycanlıların əlindədir və xüsusilə Rusiyanın indiki çətin durumunda oradan taxıl gətirmək imkanı azaldıqca Ermənistanda çörək qıtlığı baş verəcəkdir. Ermənistan milli məclisinin martın 2-də keçirilən iclasında prezident seçkisi ilə yanaşı 29 məsələnin də müzakirəsi gündəlikdə olub. Müxalifətçi deputat Hrinsime Stanbulyan öz çıxışında Paşinyanı və komandasını tənqid edərək, onları torpaqların Azərbaycana «təhvil verilməsində» suçlandırıb. Onun bu sözləri N.Paşinyanı hövsələdən çıxardıb və o əsəbləşərək tutarlı cavablar verib. Bildirib ki, «mən torpaq verən deyiləm, nəhayət, başa düş­­mək lazımdır ki, müharibədə uduzmuşuq. Bunun da əsas günahkarları keçmiş hakimiyyətdəkilər, o cümlədən indi deputat kimi bu zalda əyləşən və ağzına gələni danışan Seyran Ohanyandır». Müxalifətin hay-küyündən sonra iclası aparan vitse-spiker də əsəbləşib və onlara söz verməcəyini bildirib. Müxaliflər isə iclas zalını tərk ediblər.

Martın 3-də Ermənistan hökumətinin birbaşa yayımlanan iclasında ölkədəki sosial-iqtisadi vəziyyət müzakirə olunub. İclasın əvvəlində Ermənistanda İnsan Haqları üzrə yeni müvəkkilin seçildiyini bildirən N.Paşinyan onu da əlavə edib ki, indiyədək olan ombudsmanlar vaxtından tez istefa veriblər. Ancaq Arman Tatoyan öz vəzifəsini sona qədər yetirdi və bundan sonra harada işləyəcəksə, ona uğurlar arzulayırıq.

Hökumətin iclasında Rusiyanın Ukraynaya təcavüzü məsələsinə də toxunulub və xüsusilə indiki şəraitdə siyasilərin öz çıxışlarında diqqətli olmaları tövsiyə olunub.

Göründüyü kimi, Ermənistan yenə də öz ampulasındadır və buradakı siyasi soyuqluq ölkəni yeni faciələrə doğru aparmaqdadır. Çünki ermənilərin beyinləri çoxdan yuyulub.

Nəsib QARAMANLI

Oxşar xəbərlər