16.04.2026, 11:56
AZ EN
16.04.2026, 09:00 19

Qərbi Azərbaycan İcmasında "İrəvanda Azərbaycan təhsil tarixi" kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcmasında filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “İrəvanda Azərbaycan təhsil tarixi” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri, icma sədrləri, şura sədrləri, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimatı açılış nitqi ilə açan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, nəşr Qərbi Azərbaycanın təhsil tarixinin sistemli şəkildə araşdırılması baxımından mühüm elmi mənbədir: “Monoqrafiya İrəvanda Azərbaycan maarifçiliyinin zəngin ənənələrini üzə çıxararaq tarixi həqiqətlərin bərpasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir”.

Çıxış edən İcmanın sədr müavini, professor Hikmət Babaoğlu vurğulayıb ki, əsər yalnız elmi deyil, həm də ictimai-siyasi baxımdan əhəmiyyətlidir. Onun sözlərinə görə, kitab Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi dövriyyəyə çıxarılması və milli yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi rol oynayır.

Çıxış edən digər rəsmi şəxslər və alimlər qey ediblər ki, əsər Azərbaycan tarixşünaslığı və pedaqoji fikir tarixində mühüm yer tutur və monoqrafiya Qərbi Azərbaycanın təhsil irsinin sistemli şəkildə araşdırılması ilə yanaşı, bu sahədə mövcud olan boşluqların doldurulmasına və tarixi həqiqətlərin elmi əsaslarla ortaya qoyulmasına ciddi töhfə verir.

Çıxışlarda vurğulanıb ki, bu fundamental tədqiqat Qərbi Azərbaycanın təhsil və maarifçilik tarixinin öyrənilməsi istiqamətində mühüm elmi hadisə olmaqla yanaşı, milli yaddaşın bərpasına xidmət edən dəyərli mənbədir.

Sonda çıxış edən Qərbi Azərbaycan İcması Nəzarət Təftiş Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev təqdimata qatılan hər kəsə təşəkkürünü bildirib. O qeyd edib ki, bu əsərin əsas məqsədi Qərbi Azərbaycanın təhsil və maarifçilik tarixini elmi əsaslarla araşdıraraq gələcək nəsillərə çatdırmaq, eyni zamanda tarixi həqiqətləri obyektiv şəkildə ortaya qoymaqdır. Müəllif vurğulayıb ki, bu istiqamətdə araşdırmalar gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, 536 səhifəlik “İrəvanda Azərbaycan təhsil tarixi” monoqrafiyası qədim İrəvan mahalında təhsil sisteminin formalaşması və inkişaf mərhələlərini ilk dəfə sistemli şəkildə araşdırır. Müəllif bu əsərdə Ümumtürk mədəni sisteminin ayrılmaz hissəsi olan bölgədə məscid məktəbləri, mədrəsələr və rus-Azərbaycan məktəblərinin yaranması və inkişafını ilk dəfə olaraq sistemli şəkildə elmi dövriyyəyə daxil edib. Araşdırma arxiv sənədləri əsasında sübut edir ki, Qərbi Azərbaycanda təhsil sistemi əsrlər boyu xalq pedaqogikasına və islam mənəviyyatına söykənərək milli varlığın qorunmasında mühüm rol oynayıb.

Monoqrafiyanın elmi redaktorları sırasında filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı və siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu yer alır. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın məsləhətçiliyi ilə hazırlanmış əsər tanınmış alimlər tərəfindən yüksək dəyərləndirilib.

Oxşar xəbərlər