16.04.2026, 12:18
AZ EN
16.04.2026, 10:41 83

Ramin Məmmədov: "Azad edilmiş ərazilərdə məscidlərin bərpası mənəvi yaddaşın dirçəldilməsi üçün əhəmiyyətlidir"

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, ziyarətgahların və digər dini ibadət yerlərinin bərpası, yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdamın Çəmənli kəndi "Cümşüd" məscidi və Xındırıstan kənd məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu, təkcə maddi-mədəni irsin bərpası deyil, eyni zamanda tarixi ədalətin bərpası və xalqımızın mənəvi yaddaşının dirçəldilməsi kimi mühüm əhəmiyyət daşıyır.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin qorunmasıdır.

Ramin Məmmədov vurğulayıb ki, qloballaşma və informasiya axınının sürətlə artdığı bir dövrdə cəmiyyətin mənəvi dayaqlarının möhkəmləndirilməsi aktuallıq kəsb edir:

"Bu baxımdan din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. Onların maarifləndirici fəaliyyəti dini biliklərin cəmiyyətə düzgün, balanslı və aydın şəkildə çatdırılması ilə yanaşı, milli kimliyin, mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət etməlidir".

Sağlam dini mühitin qorunmasının dövlətçiliyimizin möhkəmləndirilməsinin vacib amillərindən biri olduğunu qeyd edən Dövlət Komitəsinin sədri gənclərlə işin gücləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Keçirilən görüşlərin bölgələrdə dini fəaliyyətin yerində qiymətləndirilməsi, din xadimləri ilə birbaşa ünsiyyətin qurulması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Din xadimləri çıxışlarında dini sahəyə göstərilən diqqət və qayğının cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edərək, ölkədə dini azadlıqların təmin olunması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən siyasəti yüksək dəyərləndirdiklərini vurğulayıblar. (Report)

Oxşar xəbərlər