02.04.2026, 14:06
AZ EN
02.04.2026, 12:08 152

Qarabağa kitabla gedək...

XƏBƏRLƏR
  • Bu gün Beynəlxalq Uşaq Kitabı günüdür. Deməli, bu gün həm də, uşaq yazıçılarının bayramıdır. Hər il ölkəmizdə də bu əlamətdar gün qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri təşkil edilir. F.Köçərili adına Uşaq Kitabxanasında isə bu gün xüsusi olaraq qeyd edilir. Belə ki, əlamətdar gündə kitabxanada müxtəlif, əyləncəli tədbirlər keçirilir. Uşaq yazıçıları ilə məktəblilərin görüşü olur.

Həsən bəy Zərdabi deyir ki, yaxşı kitab çox qiymətli xəzinədir. Mirzə Ələkbər Sabir isə kitabı insanın ilk dostu adlandırır. Kitabın insan həyatında, onun mənəvi dünyasnda necə bir yerə malik olduğundan çox danışılıb, bununla bağlı görüşlər təşkil edilib, müzakirələr keçirilib. Ancaq kitabın uşaq həyatındakı rolundan hər gün, həmişə danışmaq lazımdır. Deyirlər ki, uşaq qəlbi ağ kağız kimidir, onun yaddaşına yazılanlar ömürlük unudulmur. Ona görə də uşaqlara kitab seçimində çox diqqətli olmalıyıq. Bəzən uşaqlar kitab oxumağa tənbəllik edirlər, çünki onlar hələ o gözəl dünyanın sehrinə düşməyiblər. Uşağa kitabı yavaş-yavaş, həvəsləndirərək aşılamaq lazımdır. Sonra o özü kitabı yaxın dostu hesab edəcək və ondan ayrımaq istəməyəcək. Yəqin ki, çoxumuz uşaqların ilk kitablarını necə əzizlədiyinin şahidi olmuşuq.

Bu əlamətdar gündə tanınmış uşaq yazıçılarımız Rafiq Yusifoğlu və Sevinc Nuruqızı “Vətən səsi”nə uşaq ədəbiyyatımızla bağlı öz ürək sözlərini söyləyiblər.

Uşaq kitabı uşaqları böyüdür...

Rafiq Yusifoğlu deyir ki, uşaq kitabı uşaqlara nə vermir ki? Söhbət yaxşı kitabdan gedir. Uşaq kitabı uşaqları böyüdür, tərbiyə edir, gələcək cəmiyyət üçün hazırlayır. Uşaqları əsl vətəndaşa çevirir. Bütün balalarımızı Allah qorusun. Böyük türk şairi Nazim Hikmət deyirdi ki, heç olmasa, bircə günlüyə dünyanı uşaqlara verək... Dünyanı uşaqlara verə bilsək, kitab oxuyub, humanist hisslərlə böyüyən uşaqlara verə  bilsək dünyamız həmişə gözəl olacaq, qan-qada, müharibə olmayacaq!     

Uşaq yeganə oxucudur ki, ona kitabı sən təqdim etməlisən...

Sevinc Nuruqızı bildirir ki, bu gün böyük bayramdır. Çünki kitab sözü harda varsa orada bir bayram havası var. Mən düşünürəm ki, ilin bütün günləri uşaq kitabı günü olmalıdır. Uşaq ədəbiyyatı ən gənc ədəbiyyat növüdür. Əvvəllər “Uşaq ədəbiyyatı” deyilən bir ədəbiyyat olmayıb. Lap sonralar 18-ci əsrın axırı, 19-cu əsrin əvvəllərində uşaqlar üçün əsərlər meydana gəlib. Şarl Perro, Qrimm qardaşları, Andersenin nağılları... Uşaq ədəbiyyatı uşağın mənəvi qidasıdı. Çox vaxt biz uşağın təhsilinə, sağlamlığına, qidalanmasına böyük həvəslə həm diqqət, həm maddi vəsait ayırırıq. Amma söhbət kitaba gəlib çatanda uşağın həyatında onun əhəmiyyətini anlamırıq. Ona görə də kitabı o siyahıya sala bilmirik. Nədənsə kitaba pul ayırmaq çətin olur. Bəzi ailələrin isə buna imkanı çatmır. Amma ağıllı, savadlı insanlar uşağının geniş biliyə, gözəl zövqə, hərtərəfli dünyagörüşünə nail olması üçün uşağına kitab bağışlayır. Həm də ilin hər bir günündə. Uşaq yeganə oxucudur ki, kitabı kimsə ona təqdim etməlidir. Bu məsuliyyət valideynlərin üzərinə düşür.  

Sevinc xanım deyir ki, uşaq kitabı adlanan bütün kitablar onlara uyğun deyil. Uşağı telefondan, lazımsız vərdişlərdən ayırmaq üçün ən gözəl vasitə kitabdır.

Bəli, bu gün Beynəlxalq Uşaq Kitabı Günüdür. Əlamətdar gün 1967-ci ilin aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Hans Xristian Andersenin dünyaya göz açdığı (1805, 2 aprel) günün şərəfinə təsis edilib.

Bu tarixdə əlamətdar günün qeyd edilməsini təklif edən isə alman yazıçısı Yella Lepman olub.

Hər il bütün dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir.

Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayıb. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Komenski uşaqlara dünyanı anladan rəsmlərin yer aldığı kitab nəşr etdirib. XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. D.Defo və C.Sviftin "böyüklər" üçün yazılmış "Robinzon Kruzo" (1719) və "Qulliverin səyahəti" romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub. Yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. Şərqdə "Min bir gecə", "Ələddin", "Əlibaba və qırx quldur", "Sindibadın yeddi səyahəti" nağılları da bu qəbildəndir. Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqət çəkir. 1846-cı ildən başlayaraq Andersenin qələmə aldığı nağılları uşaqlar günümüzdə də çox sevirlər.

XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunur.

Sonda onu demək istəyirəm ki, biz bu gün yenidən qurulan, çiçəklənən Qarabağa və Şərqi Zəngəzura həm də kitabımızla getməliyik. Heç vaxt, heç yerdə Kitabsız olmayaq!   

Mina RƏŞİD

Oxşar xəbərlər