Bu gün böyük sənətkarın anadan olmasından 116 il ötür.
Ə.Ələkbərov 1933-cü ildə Akademik Dram Teatrına dəvət alıb və bu teatrda onlarla yaddaqalan rol yaradıb. Aktyorun yaratdığı iki obraz - Vaqif və Otello onun yaradıcılığının zirvəsi hesab olunur.
Unudulmaz sənətkar həm də bir sıra filmlərdə maraqlı rollar yaradıb. Aktyor ilk dəfə 18 yaşında “Vulkan üzərində ev” filmində Həsən rolunu oynayıb. O, “Fətəli xan” filmində yaratdığı baş qəhrəman obrazı ilə sübut edib ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.
Xalq yazıçısı Mirzə İbrahimov 1960-cı ildə yazdığı “Qartal qanadlı sənətkar” məqaləsində deyib: “Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir… Ələsgər Ələkbərov həm klassik, həm də müasir əsərlərdə eyni hərarətlə oynayır. O, bizim adamların, bugündən danışan dramlardakı qəhrəmanların surətini böyük həvəslə yaradır. Bu, çox qiymətli xüsusiyyətdir və yalnız ictimai cəhətdən deyil, estetik cəhətdən də mənalıdır”.
Görkəmli sənətkar 1963-cü il yanvarın 31-də vəfat edib. O, Fəxri xiyabanda dəfn edilib. (AZƏRTAC)