Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq Cəlal Bərgüşadın Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, milli dəyərlərin qorunmasında rolu və tarixi mövzulara yanaşmasından danışılıb.
Tədbirin təşkilatçısı olan “İrs” mədəniyyətinin İnkişafına Dəstək İctimai Birliyin sədri Fəridə Mirişova isə yazıçının mədəni irsimizdə qoyduğu izlədən bəhs edib. Tədbirin aparıcısı Əsəd Cahangir yazıçının yaradıcılığına nəzər salaraq onun bədii əsərinin məzmun və forma baxımından zənginliyini vurğulayıb.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverid Haqverdiyev, Xalq şairi Ramiz Rövşən, Əməkdar müəllim Ofelya Babayeva və digər natiqlər Cəlal Bərgüşadın müxtəlif sahələrdəki fəaliyyəti barədə məruzələrlə çıxış edbiblər. Qeyd olunub ki, Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində çalışıb. Onun ssenarisi əsasında “Çoban Boran”, “Göygöl”, “Torpağın ətri”, “Çinar yarpağı” və s. televiziya filmləri çəkilib. “Babək” əsəri Tehranda, “Qaçaq Nəbi” İstanbulda kütləvi tirajla çap olunub. Xidmətlərinə görə I dərəcəli “İkinci Dünya müharibəsi” ordeni və medallarla təltif edilib. 1996-cı il iyulun 9-da vəfat edib.
Yazıçının həyat yoldaşı Sayad Cavadzadə tədbirin təşkilatçılarına bildirib: “Bu gün mənim üçün həm həyacanlı, həm də çox dəyərli gündür. Çünki yazıçı Cəlal Bərgüşadın 100 illiyidir və bu 100 illiyin təşkilində bu tədbirdə iştirak edən bütün tədbir iştirakçılarına, Anar müəllim başda olmaqla, Elmlər Akademiyasının işçilərinə, Qubdlı əhalisinə, hər bir qonağa dərin təşəkkürümü bildirirəm ki, bu dəyərli gündə gəlib Cəlal müəllimin ruhunu şadlandırırlar. Həyat yoldaşı kimi bu tədbirin keçirilməsində zəhməti olan hər bir kəsə öz təşəkkürümü bildirirəm”.
Yubiley tədbiri Cəlal Bərgüşadın irsinin yaşadılması və gələcək nəsillərə ötürrülməsi baxımından xüsusi önəm daşıyır.
Tahirə AĞAMİRZƏ