27.06.2025, 14:32
AZ EN
12.05.2023, 14:05 340

Bu gün Səid Rüstəmovun doğum günüdür!

XƏBƏRLƏR

Unudulmaz bəstəkar, Xalq artisti Səid Rüstəmov 1907-ci il mayın 12-də Azərbaycanın tarixi şəhəri İrəvanda anadan olub. O, ibtidai təhsilini də dogma İrəvanda alıb. 1918-ci ildə İrəvanda baş verən erməni vəhşiliyi zamanı Səidgil qaçqın düşüb Türkiyəyə getsələr də, az vaxtdan sonra yenidən Vətənə qayıdıblar. Ancaq onların evləri ermənilər tərəfindən  dağıdılmışdı. Ailə 1919-cu ildə Gəncəyə köçüb. Burada da ermənilər Səidin qardaşı Mirhüseyni öldürüblər. Ailə Gəncədə çox qalmayıb Ağdaşda məskunlaşıb. Bu vaxt Səidin 12 yaşı var idi. Bu yaşa qədər olan əzab-əziyyətli günlərə baxmayaraq, yeniyetmə Səidin musiqiyə marağı daha da artırdı. Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür, Səid Müəllimlər Seminariyasına daxil olur. Həmin məktəbdə musiqi dərsləri keçilirdi. Səid burada truba çalmağı öyrənir. Balaca Səidin musiqidən əlavə rəsm çəkməyə də həvəsi olduğundan rəsm məktəbində məşğələlərə başlayır. Rəssamlıq məktəbi musiqi texnikumu ilə bir binada yerləşirdi. Səidin musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. O, Səidi Üzeyir Hacıbəylinin yanına aparır. Bu da Səidin taleyini həll edir. S.Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur.

Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin dərin hörmətini qazanır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Səid Rüstəmovu digər sənətkarlardan - sənət dostlarından fərqləndirən cəhətlərdən biri də budur ki, o, pedaqoji fəaliyyətə ümumtəhsilin əsaslarını öyrədən məktəbdən başlayıb.

Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim aktualdır. Mahnı S.Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək-zəhmət, lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan “Oxu, gözəl”, “Hardasan?”, “Həkim qız”, “Getmə-getmə”, “Haralısan?”, “Bənövşə”, “İntizar”, “Sürəyya”, “Sumqayıt”, “Yürüş marşı”, “Cəbhəyə”, “Qurban adına”, “Sənindir” və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Ş.Ələkbərova, R.Behbudov, G.Məmmədov, S.Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib. 

Bəstəkarın yaradıcılığında instrumental əsərlər də böyük yer tutur.  S.Rüstəmov “Azərbaycan süitası”nı, “Sevinc” rəqsini və digər əsərlərini məhz bu orkestr üçün yazıb.

S.Rüstəmovun pedaqoji fəaliyyətinin mühüm bir dövrü Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olub. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutub. Dahi Üzeyir Hacıbəylinin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.

S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçilib. O, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də geniş, məqsədyönlü iş aparıb. Onun səsi-sorağı beynəlxalq konqreslərdən, ən mötəbər məclislərdən gəlirdi. O, dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən ümumdünya və ümumittifaq festivallarında münsiflər heyətinin sədri və üzvü olub.

Böyük sənət fədaisi, alovlu vətənpərvər Səid Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilib. O, 1938-ci ildə Əməkdar incəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülüb.

İstedadlı bəstəkar S.Rüstəmov 1983-cü il iyunun 10-da vəfat edib. O, gözəl əsərləri və nəğmələri ilə həmişə xalqın yaddaşında yaşayır və yaşayacaqdır...

Hazırladı: Mina RƏŞİD 

Oxşar xəbərlər