Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi
Əsgərov Firavan Xanbala oğlu 2001-ci il martın 14-də Sabirabad rayonunun Surra kəndində anadan olmuşdur. Orta təhsilini də elə M. Babayev adına Surra kənd tam orta məktəbində alıb. Məktəb illərindən zəhmətkeşliyi ilə seçilirdi. Texnikaya böyük marağı olub. Artıq 14 yaşından ekskovatoru sərbəst idarə etməyi bacarırdı. Sürücülük vəsiqəsi də almışdı, atası ilə ta 18 yaşına kimi “Şirvan-Neftçi İnşaat” və “Kür-Araz MMC” də birgə işləyib. 2019-cu ilin aprel ayında isə Vətənə borcunu vermək üçün həqiqi xidmətə yollanıb.
Xidmət dövrünü N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qoşunların sıralarında keçib. Burada o, həm baş sürücü kimi hərbi hissənin Rabitə Tibbi Yardım və Rabitənin Zirehli maşınını idarə edir, həm də mexanik kimi xidmət göstərirdi. Tovuz hadisələrində iştirak edən xüsusi təyinatlı əsgər, sonra İsmayıllı rayonunda Türkiyə və Pakistan hərbçiləri ilə iki aylıq çətin döyüş təlimi kurslarını uğurla başa vuraraq 2020-ci il sentyabr ayının 24-də Göranboy rayonunun Tapqaraqoyunlu kəndinə göndərilmişdir.
Firavan Vətən müharibə başladığı ilk gündən Goranboydan Tərtər istiqamətində döyüşlərə qatılmış, Talış və Suqovuşan yüksəkliklərinin alınmasında gedən çox ağır döyüşlərdə iştirak etmişdir. Bu yüksəkliklərdə ordumuzun mövqeyi möhkəmləndikdən sonra Firavanın da daxil olduğu XTQ hissələri Daşkəsən istiqamətindən Murovdağ yüksəkliyi uğrunda və Kəlbəcər ətrafında döyüşləri davam etdirmiş, komandanlığın xüsusi hücum planı əsasında əlverişli mövqedə yerləşən və ən ağır döyüşlərin şahidi məşhur “Koroğlu postu”nu düşməndən geri almışdır.
Oktyabr ayının 20-dək çoxlu sayda çətin döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edən Xüsusi Təyinatlı Firavan Əsgərov Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd rayon qəsəbə və kəndlərinin də düşməndən azad olunmasında qəhrəmanlıq göstərmişdir. Hadrut qəsəbəsinin azad edilməsi istiqamətində 20 oktyabr gecə ikən komandanlıqdan xüsusi tapşırıq alan 17 nəfərlik dəstə ərazidə əlverişli mövqe tutur və iki döyüşçü, biri Firavan Əsgərov olmaqla düşmən
mövqelərini təyin etmək məqsədilə kəşfiyyata göndərilir. Səhərüzü tapşırığı icra etmək üçün yollanan kəşfiyyatçılar yaxınlıqda ermənilərin gizləndiyi məkanı aşkar edir. Firavan, məlumatı döyüş yoldaşlarına çatdırmaq üçün gedən kəşfiyyatçı dostunu gözləmədən əvvəlcə qəfil atəşlə erməniləri çaş-baş salır, sonra isə onların içərisinə atılaraq əlbəyaxa döyüşə başlayır. Uşaqlıqdan qorxmazlığı, cəsarəti ilə seçilən Firavan təkbaşına 10 nəfərdən çox düşmən əsgər və zabitini məhv etsə də bu onun son döyüşü olur, aldığı ağır güllə yarasından şəhidlik məqamına ucalır…
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən haqlı davada xüsusi cəsarət və igidlik göstərən Əsgərov Firavan Xanbala oğlu Surra kəndində böyük ehtiram və izdihamla dəfn edilmiş və ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Azadlığı yolunda özünü fəda etdiyin Vətən səni heç vaxt unutmayacaq, igidim! Ruhun şad olsun!
Tahirə AĞAMİRZƏ