27.06.2025, 12:57
AZ EN
14.02.2023, 10:00 418

Baş əsgər Kamran Fərəcovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün onun doğum günüdür. Vətən müharibəsi şəhidi, baş əsgər Kamran İlqar oğlu Fərəcov 1996-cı il fevralın 14-də Şirvan şəhərində anadan olub. Orta təhsilini 11 saylı tam orta məktəbdə bitirib. Sonra  hərbi xidmətə yollanıb. Kamran hərbçi olmaq istəyirdi, ona görə də,  müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra DİN-in Daxili Qoşunlarında xidmətini davam etdirib. Quba rayonunda yerləşən hərbi hissənin Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayıb.

Bütün xalqımız və igid oğullarımız kimi Kamranın da, ən böyük arzusu işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi idi. Ona görə də, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə o da, böyük həvəslə yollandı.  Kamran sərrast atıcı - snayper kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunması uğrunda gedən əhəmiyyətli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Düşmənə sarsıdıcı zərbələr endirən igid döyüşçü yoldaşları ilə birgə Şuşa istiqamətində həlledici döyüşlərə qatılıb. Oktyabrın 24-də Şuşa şəhərinin 15 kilometrliyində yerləşən Çanaqçı kəndi ərazisində gedən döyüşlərdə komandiri ilə birlikdə düşmənin snayper gülləsindən qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük bir izdiham və ehtiramla Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Kamran üç bacının tək qardaşı idi. Şəhidin anası Reyhan xanım deyir ki,  mənim təzyiqim olduğu üçün müharibədə, ön cəbhədə olduğunu demirdi. Tez-tez bizimlə əlaqə saxlayır, hər şeyin yaxşı olduğunu söyləyirdi. Kamranın atası da, övladı barədə kövrəkliklə danışır. Deyir, biz uşaqlıqdan ona ağıl verməyə çalışmamışıq. O, özü görüb-götürüb. Kamran hələ bircə dəfə mənə “yox” deməmişdi...  
Vətənin mərd oğlu K. Fərəcov iki il idi ki, ailə qurmuşdu. Qəhrəmanın xanımı hərbi şəhərcikdə Kamranla birlikdə hərbçi həyatının bütün çətinliklərinə dözürdü. Kamran müharibənin ilk günündən döyüşlərə qatıldığını ömür-gün yoldaşına da, bildirməyib ki, narahat olmasınlar. Oktyabrın 23-ə qədər ailə üzvləri onun sadəcə təlimdə olduğunu düşünüblər. Sonuncu telefon danışığında yenə də, hər şeyin qaydasında olduğunu bildirmişdi...

Azərbaycanın igid oğlu, baş əsgər K.Fərəcov şəhadətə ucalanda cəmi 24 yaşı vardı. Amma o, bu yaşda adını Zəfər tariximizə öz qanıyla qızıl hərflərlə yazdı. Doğmalarının dediyinə görə, Kamran Milli Qəhrəmanlar - Mübariz İbrahimovla Polad Həşimova özünün idalı kimi baxırdı... İndi onun da adı bütün Azərbaycan gəncliyinə örnək olan müqəddəs adların sırasındadır. Şəhidlər ölməz, Vətən bölünməz!

Vətən uğrunda fəda olanları unutmur.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər