19.08.2025, 18:52
AZ EN
11.01.2023, 13:02 486

Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür

XƏBƏRLƏR
  • Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür. Bu günün əlamətdar olması 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğunun yaradılması ilə bağlıdır. Həmin gün Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir. Azərbaycanda ilk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğudur.

Qeyd edək ki, Cənubi Qafqaz regionunda ilk biosfer rezervatı Azərbaycanda yaradılır. Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında  Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət cığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

Bununla yanaşı, nazirlik tərəfindən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir, digər tərəfdən mövcud olanların əraziləri genişləndirilir. Ümumiyyətlə, xüsusi mühafizə olunan təbiət əraziləri sayı azalmaqda və nəsli tükənməkdə olan bitki və heyvan növlərini qorumağa hesablanıb.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Ordumuz möhtəşəm Qələbə qazanaraq 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımızı erməni tapdağından azad etdi. Ermənilər bu illər ərzində həmin torpaqlarda vandalizm aktları törədib, bütün tarixi abidələri, məscidləri, yaşayış binalarının, evlərin əksəriyyətini dağıdıb, meşələri kəsib, qırıb, yandırıblar. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində həmin torpaqlarda olan böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri məhv edilib. İşğaldan azad olunmuş torpaqlarımızda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinə dəymiş ziyanın hesablanması məqsədilə monitorinqlər aparılır. Həmçinin həmin ərazilərdəki qoruqlar, yasaqlıqlar yenidən qurulacaq, bərpa olunacaq. Gələcəkdə işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, o cümlədən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması da nəzərdə tutulub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər