19.03.2026, 12:49
AZ EN
19.03.2026, 09:04 215

Bu gün qəhrəman şəhidimiz Həmdulla Abdullayevin doğum günüdür

XƏBƏRLƏR
  • Torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək tarixə şərəfli imzasını atan igidlərimizdən biri də Həmdulladır.

Həmdulla Aslan oğlu Abdullayev 1994-cü il martın 19-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə K.Əsədov adına Hacıbabalı kənd tam orta məktəbində təhsil alan Həmdulla Abdullayev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Noyabr 7-də Şuşanın azad edilməsi zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Qəhrəmanımız Bəhməntəpə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Həmdulla Abdullayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəmanımızın atası Aslan Abdullayev şəhidimiz haqqında belə deyir: "Həmdulla çox ağıllı bir övlad idi, böyüyün-kiçiyin yerini bilən, xeyirxah, səxavətli bir gənc idi. Ehtiyacı olanlara əl tutmağı xoşlayırdı. Vətəninə, elinə bağlı idi. Deyirdi ki, biz Qarabağ problemini gələcək nəsillərə saxlamamalıyıq, özümüz həll etməliyik və edəcəyik də. Çox qorxmaz, mərd oğul idi".

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər