16.12.2025, 05:01
AZ EN
06.11.2025, 09:52 228

Məzarın nurla dolsun, İlkin balamız...

XƏBƏRLƏR
  • İlkinin 19 yaşı vardı. Vətən müharibəsi başlananda o 3 ayın əsgəri idi. Döyüşlərdə yaralanan İlkin sağalıb yenidən can atdığı dostlarının yanına, cəbhəyə qayıtmışdı. Anası deyir ki, İlkin şəhidlərin çox yüksək zirvədə olduğunu deyirdi. Söyləyirdi ki, o zirvə hər adama qismət olmur. İndi o uca məqam sənə də qismət oldu, anan qurban!

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi İlkin Fərhad oğlu Məmmədovun anım günüdür. O, 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olub. 2007-2018-ci illərdə Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində, 2018-2020-ci illərdə Bakı şəhər 10 nömrəli Texniki Peşə Məktəbində bərbər ixtisası üzrə təhsil alıb. 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Minaatan batareyasının bölük komandiri, baş hesablayıcısı təyin edilib.

Ordumuzun əsgəri İlkin Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində döyüşlərə qatılıb. Suqovuşan, Xocavənd, Murovdağ istiqamətində döyüşüb. Qanlı döyüşlərin birində yaralanıb və yenidən, sağalaraq cəbhəyə yollanıb.  

19 yaşlı mərd əsgər İlkin Məmmədov ağır döyüşlərin birində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz 6 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov İlkin Fərhad oğlu ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman İlkin balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər