Nəsibov Elmar Şirzad oğlu 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi bitirən Elmar Nəsibov hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrində işləməyə başlayıb. Doqquz illik xidməti dövründə Şəmkir, Qazax, Gədəbəy, Daşkəsən və Beyləqanda çalışıb.Hərbin bütün sirlərini öyrənib. Hərbi xidməti dövründə bir sıra təltiflərə layiq görülüb.
Vətəni hər şeydən, hər kəsdən artıq sevən Elmar 44 günlük Vətən müharibəsinin ilk günündən ön cəbhədə olub.
Döyüş dostları arasında "Şahin gözlü” ləqəbi ilə tanınan peşəkar snayperçi olan Elmar Nəsibov Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib, qüvvələrini məhv edib. Yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Oktyabrın 12-də ağır Füzulidə gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb.
Şəhidin atası Şirzad Nəsibov oğlu ilə son danışığını belə xatırlayır: "Oğlum şəhid olmamışdan 2 gün qabaq danışdı. Bir az ağrıyırdım, uzanmışdım divanda. Məni həddindən artıq çox istəyirdi. Dedi ki, özündən muğayat ol. Dedim: "Mən düşmənlə döyüşmürəm oğul, sən özündən muğayat ol!.
Son danışığımız oktyabrın 9-u axşam saat 7-8 radələrində oldu”...
Anası Sürəyya Mehdiyeva oğlunun şəhid olma xəbərini belə eşidib:
"Mən televizora hadisələrə bağlı xəbərlərə baxırdım. Qızım zəng elədi ki, çölə bax. Axşamüstü idi. Heç ağlıma belə gətirmirdim. Baxdım, dedim ki, heç nə yoxdur. Dedi, ana tez bax. Qızımın burada sinif yoldaşları var, onlar biliblər. Heç kim ürək edib mənə deməyib. Yenə qızım dedi ki, ay ana çıx, bir bax. Baxıram, görürəm qonşulardır. Sonra qızım dedi ki, ana, bu saat gəlirəm. Bu sözdən sonra mən şübhələndim. Həyacan bütün bədənimi bürüdü. Yoldaşıma dedim ki, bir düş aşağı, gör nə var. Qız deyir ki, düşsün aşağı. Bloka çıxdım gördüm 3-4 qonşu söhbət edir. Aşağı baxdım. Gördüm ki, bayrağımız yellənir, artıq onda bildim ki, balam canından çox sevdiyi Vətən uğrunda şəhid olub"..
Qeyd edək ki, Elmar, Nəsibovlar ailəsinin ilk şəhidi deyil. Belə ki, Elmar Nəsibovun şəhid olmasından iki həftə sonra əmisi Elməddin Nəsibov da 44 gün davam edən Vətən Müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalıb.
Qəhrəman döyüşçü Elmar Nəsibov Sumqayıtda Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
Nurlar içində uyusun!
Tahirə AĞAMİRZƏ