Bu barədə univerditetin məlumatında bildirilib.
Universitetin Kitabxanasında təşkil olunan dəyirmi masada tələbələr, akademik və inzibati heyət üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində oynadığı müstəsna roldan bəhs edib, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoqun irsinin müasir dövrdə tədris və tədqiqinin əhəmiyyətini vurğulayıb.
Sonra Filologiya kafedrasının müdiri Əzizağa Nəcəfov “Üzeyir Hacıbəylinin publisistikası milli jurnalistika tariximizdə bir mərhələ kimi” mövzusunda çıxış edərək, dahi sənətkarın publisist fəaliyyətinin Azərbaycan mətbuat tarixindəki yerini və milli düşüncənin formalaşmasında oynadığı rolu diqqətə çatdırıb.
Daha sonra kafedranın baş müəllimi Nahidə Həsənova “Üzeyir Hacıbəyli dilinin xalq dilinə nüfuzu” mövzusunda məruzəsində Hacıbəylinin sadə və anlaşıqlı dildə qurduğu yazı üslubunun onun ideyalarının geniş ictimaiyyətə çatdırılmasına göstərdiyi təsirdən danışıb.
Pedaqoji fakültənin mütəxəssisi Elmira Babayeva “Üzeyir Hacıbəyli və “Molla Nəsrəddin” satirik jurnalı” mövzusunda çıxışında dahi bəstəkarın bu məşhur nəşrlə əməkdaşlığı və həmin dövrdə ictimai-siyasi hadisələrə satira vasitəsilə tənqidi mmünasibəti barədə ətraflı məlumat verib.
Filologiya kafedrasının müəllimi Zəminə Ziyayeva “XX əsrin əvvəllərində Azərbaycanda dil islahatları uğrunda hərəkat və Üzeyir Hacıbəylinin dil görüşləri” mövzusunda çıxış edərək, maarifçilik ideyalarının yayılmasında dil islahatlarının əhəmiyyətini və Üzeyir Hacıbəylinin bu prosesdəki fəal mövqeyini vurğulayıb.
Pedaqogika kafedrasının assistenti Suqra Cəfərova “Azərbaycan” qəzetində Üzeyir imzası” adlı məruzəsində dahi publisistin bu mətbu orqandakı yazılarında milli dəyərlərin, maarifçilik ideyalarının və ictimai məsələlərin işıqlandırılması istiqamətində fəaliyyətindən söz açıb.
Dəyirmi masada yekun nitq ilə Elm şöbəsinin müdiri Elçin İbrahimov çıxış edərək tədbirin elmi və pedaqoji əhəmiyyətini vurğulayıb, Üzeyir Hacıbəylinin zəngin irsinin gələcək nəsillərə çatdırılmasının mühüm vəzifə olduğunu qeyd edib.
Sonda tədbir iştirakçıları Qarabağ Universitetinin Kitabxanasında Üzeyir Hacıbəylinin əsərlərindən ibarət təşkil olunan kitab sərgisi ilə tanış olublar.
Qeyd edək ki, sözügedən tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən Qarabağ Universitetində təsdiq edilmiş tədbirlər planı çərçivəsində təşkil olunub.
Tahirə AĞAMİRZƏ