A.İsmayılov yazır: “…Qısa zamanda bu qədər tunellər, yollar, körpülər çəkilməsi, kəndlər, şəhərlər inşa edilməsi həqiqətən inanılmazdır. Müqayisə üçün deyim ki, keçdiyim mağaraya oxşayan tunel uzunluğu 200 metr, hündürlüyü 4.70 metr, eni isə 4 metr olan tunel SSRİ kimi nəhəng dövlət tərəfindən 2 ilə (1958-1960) çəkilib. Son 4 ildə isə Qarabağda dünya standartlarına uyğun cürbəcür ölçülərdə, ən uzunu isə 18 km olan tunellər çəkilib. Bütün yollar, tunellər, körpülər, şəhər, qəsəbələr və kəndlər istifadəyə veriləndən sonra o zonanın turist məkanına çevriləcəyinə şübhəm yoxdur. O məkanları gəzəndən sonra başa düşdüm ki, yanbayan 2 - Füzuli və Laçında hava limanları niyə salınıb.
Bütün Qarabağ böyük bir tikinti meydançasına bənzəyir. Laçında tikilmiş mehmanxana, Kəlbəcər şəhərinin yeni salınmış hissəsi, bu yaxınlarda istifadəyə veriləcək İstisu sanatoriyası və bir çox digər tikililər qürurla dünyaya nümayiş etdirilə bilər. Çox arzu edərdim ki, Kəlbəcər şəhərinin daş yolları, küçə quruluşu, arxitekturası başqa yerlərdə də istifadə edilsin.
Mənim üçün gözlənilməz olan Laçın və Kəlbəcərin təbiəti idi. Bu məkanlarda heç vaxt olmamışdım. Həmişə İsveçrənin, İtaliyanın, Avstriyanın və digər Avropa dövlətlərinin təbiətindən zövq almışam. Əminliklə deyirəm ki, Kəlbəcərdə gördüyüm təbiət dünyanın heç bir yerində yoxdur. Çaylara axan mineral sular isə ayrı söhbətdir. Mineral suların axınından yaranmış yaşıl, gör, sarı, çəhrayi və digər çoxlu rənglər mineral suların zənginliyindən xəbər verir. Bunları görəndən sonra SSRİ-nin (Rusiyanın) ancaq işğalçı, bizə yad dövlət olduğunun bir daha şahidi oldum. Uzun illər Stavropol diyarında işləmişəm və bütün SSRİ-də məşhur olan, dünyada kurort zonası kimi tanınan Qafqaz Mineral sularını, onun Kislovodsk, Yessentuki, Jeleznovodsk, Pyatiqorsk şəhərlərini və ətrafını qarış-qarış gəzmişəm və inandırım Sizi, onların hamısında tək Kəlbəcərdə olan qədər nə mineral sular, nə də təbiət gözəllikləri var. Ancaq elə o dövrlər tam Qarabağı demirəm, mən içi qarışıq, heç Kəlbəcərin adını eşidən də yox idi.
Tam səmimi deyirəm ki, mənim üçün əsl möcüzə orada yaşayan insanların səmimiliyi, zəhmətkeşliyi və qonaqpərvərliyi idi. Hansı məkanda olduqsa kənddə, yaylaqda bizi tanımayan insanlar qonaq edib, quzu kəsmək istədilər. Bu insanların heç evi də yox idi. Erməni vəhşiləri tərəfindən dağıdılmış evlərin qalıqlarının, meşədən qırdıqları çubuqların üstünə göy parça çəkib orada yaşayıb, heyvandarlıqla, balçılıqla məşğul idilər”.
"Vətən səsi"