Bunu açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Deputat deyib ki, bu siyasət uzun illər ərzində həm Azərbaycanın işğal edilmiş ərazilərində – Qarabağ və Şərqi Zəngəzurda, həm də indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların mədəni irsinin dağıdılması və izlərinin silinməsi ilə müşayiət olunub. Bu yanaşma faktiki olaraq Ermənistanın ideoloji xəttinin əsas istiqamətlərindən birinə çevrilib: “Təəssüf ki, müharibə başa çatsa da, postmünaqişə dövründə yaranmış müsbət atmosferə və Azərbaycanın sülh gündəliyini irəli sürməsinə baxmayaraq, Ermənistan bu cinayətlərə görə nə üzr istəyib, nə də hər hansı öhdəlik götürüb. Halbuki, ən azı üzr istənilməsi və bu cür halların gələcəkdə təkrarlanmaması üçün təminat verilməsi gözlənilən idi. Lakin məsələ bununla da bitməməli, dağıdılmış mədəni irsin bərpası üçün konkret addımlar atılmalı idi. Ermənistan bu istiqamətdə təşəbbüs göstərməli, hətta özü bunu edə bilmədiyi halda Azərbaycan tərəfini prosesə cəlb etməli idi. Reallıq isə ondan ibarətdir ki, biz bu addımların heç birini görməmişik. Əksinə, azərbaycanlılara qarşı törədilmiş mədəni genosid siyasəti davam edir. Məsələn, İrəvandakı yalnız Göy məscid qalıb, ancaq bu məscidin də Azərbaycan mədəniyyətinə məxsus abidə kimi deyil, başqa mədəniyyətin nümunəsi kimi təqdim olunması bu siyasətin davam etdiyini göstərir. Bu, mədəni irsin təhrif olunması və mənimsənilməsinin bariz nümunəsidir”.
Deputat qeyd edib ki, ümumilikdə Ermənistanın bu siyasəti təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, dünya mədəni irsinə və sivilizasiyaya qarşı yönəlmiş cinayət kimi qiymətləndirilməlidir: “Beynəlxalq hüquq və konvensiyalar da mədəni irsin məhv edilməsini yalnız ayrı-ayrı dövlətlərə qarşı deyil, ümumbəşəri dəyərlərə qarşı cinayət kimi tanıyır. Bu baxımdan, 1954-cü il Haaqa Konvensiyası mədəni mülkiyyətin qorunmasını beynəlxalq öhdəlik kimi müəyyən edir. Buna baxmayaraq, biz ermənilərin təkcə müasir dövrdə azərbaycanlıların mədəniyyətini və tarixini saxtalaşdırmağa deyil, həm də qədim sivilizasiya izlərini silməyə yönəlmiş fəaliyyətinin şahidi olmuşuq. Xüsusilə, alban məbədlərinin mənimsənilməsi, qədim xristian irsinin erməniləşdirilməsi bu siyasətin tərkib hissəsidir. Bu məsələlərlə bağlı da nə üzr istənilib, nə də hər hansı addım atılıb. Bu faktlar göstərir ki, Ermənistanın siyasəti təkcə Azərbaycan, türk və müsəlman irsinə qarşı deyil, eyni zamanda Azərbaycanın qədim xristian irsinə qarşı da yönəlib. Bu isə işğal siyasətinin nə qədər dağıdıcı və mədəniyyətə zidd olduğunu açıq şəkildə nümayiş etdirir. Təəssüf ki, müharibədən sonra da bu sahədə heç bir irəliləyiş müşahidə olunmur. Əksinə, revanşist qüvvələr bu siyasəti açıq şəkildə dəstəkləyir və azərbaycanlıların izlərinin silinməsini ideoloji xəttə çevirirlər”.
Tural Gəncəliyev hesab edir ki, digər narahatedici məqam bəzi Avropa dairələrinin bu məsələlərə selektiv yanaşmasıdır: “Məsələn, Belçika və Niderland parlamentlərində Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən qüvvələr bu faktlara göz yumur, mədəni irsin məhv edilməsi ilə bağlı susqunluq nümayiş etdirirlər. Xristian irsinin müdafiəçisi kimi çıxış edən dairələrin alban məbədlərinin mənimsənilməsi və saxtalaşdırılmasına reaksiya verməməsi ciddi suallar doğurur. Bu cür ikili standartlar Ermənistanı daha da ruhlandırır və revanşist qüvvələrə əlavə stimul verir. Ona görə də gələcəkdə bu cür təhlükələrin qarşısını almaq üçün qətiyyətli mövqe sərgilənməlidir. Revanşist qüvvələrin yenidən güc toplamasına, silahlanmasına və regionda yeni təhlükələr yaratmasına imkan verilməməlidir. Çünki bu qüvvələr azərbaycanlıların mədəni irsini yer üzündən silməyə hazırdırsa, imkan əldə etdikləri təqdirdə daha ağır cinayətlərə də əl ata bilərlər. Buna görə də bu cür meyllərin qarşısının alınması həm regional təhlükəsizlik, həm də ümumbəşəri dəyərlərin qorunması baxımından həyati əhəmiyyət daşıyır”. (APA)