26.09.2025, 06:04
AZ EN
16.09.2025, 09:23 246

Bu gün qəhrəman şəhidimiz Şirinalı Talıbovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün qürur və ehtiramla andığımız qəhrəmanlarımızdan biri də Vətən Müharibəsində cəsurluğu ilə yadda qalan Şirinalıdır. 

Talıbov Şirnalı Aqil oğlu  1997-ci il sentyabrın 16-da Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində  anadan olub. 2003-cü ildə Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2014-cü ildə həmin məktəbi uğurla başa vurub. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprelinə qədər ordu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurandan sonra Vətən müharibəsi başlanana qədər Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzində çalışıb.

Müharibə başlanandan sonra səfərbəylik zamanı döyüşən orduya qatılıb. Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub. Oktyabr ayının 22-də gərgin döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Şəhadətə qovuşub, şəhidlik zirvəsini fəth edən Şirnalı Talıbov doğma kəndləri Nəcəfqulubəyli kəndində dəfn olunub. Müharibədə göstərdiyi rəşadətə görə qəhrəmanımız  “Vətən uğrunda” , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" , "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Qardaşı Şirnalı haqqında deyir:

"Onu, həmişə vətənpərvər, torpağı ürəkdən sevən görmüşəm. Çox istiqanlı, böyük-kiçik yerini bilən idi. Kənddə hamının hörmətini qazanmışdı. Gülərüz, şən və nikbin insan idi. Heç vaxt ruhdan düşməzdi. Anam onu cəbhəyə yola salanda ağladı. Şirnalı onun üz-gözündən öpərək, “Ana, sevinməlisən ki, oğlun böyüyüb əsgər olub. Düşmənlə vuruşmağa gedir,   torpaqlarımızı erməni işğalından azad etməyə gedir. Məni sevinclə yola sal. Qismətdə varsa, şəhid olacağam. Səndən də bircə xahişim var, məni ağlama. Mənim ölümümü sevinclə qarşıla…” demişdi.

Allahdan şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər