Nəşrdə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində tarix yazan, Vətən uğrunda qəhrəmancasına canını fəda edib şəhidlik zirvəsinə ucalan Nicat Məmmədlidən bəhs olunub.
Şəhid Nicat Məmmədli Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş qəhrəman oğullarımızdan biridir. Onun qısa, lakin mənalı ömür yolu gələcək nəsillərə örnək olacaq qədər şərəfli və ilhamvericidir.
Müəllif Nicat Məmmədlinin ailəsinin, doğmalarının, müəllimlərinin, dostlarının, sinif, kursant, tələbə və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və öz düşüncələrini də əlavə edib.
Nəşrdə nur üzlü şəhidin uşaq yaşlarından başlayaraq həyatının hər bir mərhələsinə aid fotoşəkillər, ona həsr edilən şeirlər, hətta onun iş dəftərinin hər bir səhifəsi yer alıb.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 432 səhifəlik kitabın redaktoru “Şərq qapısı” qəzetinin şöbə müdiri Aidə İbrahimovadır.
Elxan Yurdoğlu tərəfindən qələmə alınan “Yarımçıq qalmış roman” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Müəllif həm publisistik, həm də bədii ifadə vasitələri ilə Nicat Məmmədlinin həyat fəlsəfəsini, vətən anlayışını və şəhidlik zirvəsinə yüksələn mənəvi dünyasını oxucuya çatdırıb. Kitab bir şəhidin həyatına işıq tutmaqla bərabər gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyətə malikdir.
Mina RƏŞİD