05.08.2025, 16:26
AZ EN
16.07.2025, 09:52 248

Mən Vətənə lazımam...

XƏBƏRLƏR
  • Atası deyir ki, Rəşad müharibə başlayandan sonra könüllü cəbhəyə yazılmışdı. Amma onu döyüşə çağırmırdılar. Rəşad dözə bilmədi, oktyabrın 15-də Yevlax Hərbi Komissarlığına getdi və dedi ki, bu ağır gündə mən Vətənə lazımam, cəbhəyə getmək istəyirəm. Rəşad cəbhəyə yollananda oğlunun bir yaşı vardı hələ “ata” sözünü də deyə bilmirdi. Qızının isə 5 yaşı tamam olımuşdu. Oğlum Vətəni uşağından da, ailəsindən də, atasından da üstün tutdu...

2021-ci ildə “Qafqazinfo”ya müsahibə verən şəhid atası bildirib ki, Rəşad Yevlax rayonunun Qoyunbinəsi kəndində böyüyüb və orta məktəbə gedib. Universitetə daxil olandan sonra övladı tələbəlik illərini kirayədə keçirməsin deyə ailə Bakıya köçüb. Ata deyib ki, Rəşad ilk övladım idi, mən ona görə hər şeyi tərk edib Bakıya gəldim. Universiteti bitirəndən sonra zabit kursunu da bitirdi, hərb sahəsində çalışdı. 2008-ci ildən isə ehtiyatda idi. Oğlum erməniyə qan udduran oğul olub, taqım komandiri kimi həmişə ən çətin yerlərdə idi. Füzuli, Qubadlı, Daşaltı, Hadrutda döyüşüb. Daşaltıdan da sağ çıxıb, lakin Şuşa-Xankəndi yolunda döyüşlərdə, noyabrın 9-da müharibənin bitməsinə cəmi 5-6 saat qalmış şəhid olub.  

Ata deyir ki, oğlu müharibəyə gedəndə şəhid olmağı gözə alıb: “Döyüş yoldaşları and içirlər ki, arada döyüşlərdən sonra dincələndə oturub yeyib-içirlərmiş. Oğlum içməzmiş, yoldaşlarına deyib ki, mən içki içmirəm, şəhid olacağam, Allah mənim şəhidliyimi qəbul eləməz. Yaralı dostunu döyüş bölgəsindən çıxaranda silahı çiynindən düşübmüş. Uşaqların dediyinə görə, hər adam oradan sağ çıxa bilməzdi, düşmən minaatanla dəqiq zərbələr endirirdi. O yaralını qoyandan sonra sürünə-sürünə qayıdıb silahını götürüb. Yoldaşları onun getməməsi üçün çalışsalar da, deyib ki, zabitin silahı əlindən düşsə, əsgərlərinə necə komanda verə bilər? Bu, onun üçün ölümdür.  

Müharibədə olanda danışırdıq, deyirdi ki, Novruz bayramına qayıdacağam, amma qayıtmadı. Mənimlə axırıncı danışığı oktyabrın 29-da olub. Səhəri gün kiçik qardaşı ilə danışıb və ona deyib ki, 10 gün olmayacağıq, Şuşa istiqamətində hərəkət edirlər. Günlərlə ac-susuz döyüşüblər, onun bu şəhidliyi əsl qəhrəmanlıqdır. 

Ailəsi Rəşad Rəhimovun şəhid olmasından noyabrın 19-da xəbər tutub. Nəşini isə ölümündən 14 gün sonra tapmaq mümkün olub.

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Rəşad İlqar oğlu Rəhimovun doğum günüdür. O, 1985-ci il iyulun 16-da Tərtər şəhərində anadan olub. Əslən Yevlax rayonunun Qoyunbinəsi kəndindəndir. 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetindən məzun olub.
Rəşad Rəhimov könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin leytenantlıq kursuna daxil olub və kursu "leytenant" rütbəsi ilə bitirib.

Azərbaycan Ordusunun baş leytenantı olan Rəşad Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Rəşad Rəhimov noyabrın 9-da Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər