Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Bəhruz Yavər oğlu Hüseynovun doğum günüdür. O, 17 yanvar 1994-cü ildə Salyan rayonunun Birinci Varlı kəndində anadan olub. 2011-ci ildə Yolüstü kənd orta məktəbini bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olunub. 2015-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Bəhruz hərbi xidmətdə tank taborunda tuşlayıcı operator olub. 2016-cı ildə “Aprel döyüşləri”nin iştirakçısı olub və şücaətlər göstərib.
Bəhruz bir müddət müxtəlif sahələrdə çalışıb. 2020-ci ilin avqust ayında "SUNDANCE Azərbaycan" şirkətində neftli tullantıların emalı üzrə mexannik vəzifəsində işə başlayıb. Həmin ilin sentyabr ayında elan edilən səfərbərlik zamanı könüllü orduya yazılıb.
Bəhruz Hüseynov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində tankçı olaraq ön cəbhəyə göndərilib. O, Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə mərdliklə iştirak edib.
Oktyabrın 19-da Xocavənd rayonu Düdükçü kəndi üzərindəki yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan mərmisi nəticəsində qəhrəmancasına şəhadətə ucalıb.
Öz bacarığına görə komandiri kapitan Ülvi Hüseynovun yaxın silahdaşına çevrilərək Bəhruz döyüşlərdə həmişə onunla çiyin çiyinə vuruşub.
Şəhidimizin qardaşı deyir ki, Bəhruzla son görüşümüz heç vaxt yadımızdan çıxmır. Hərbi komissarlıqdan onu yola salanda heç bilmirdik müharibə olacaq. Amma təxmini bilirdik ki, müharibə ab-havası var. Bizimlə sağollaşanda dedi ki, mən gedirəm, hər şey ola bilər. Mənə nəsə olsa səbr edin, təmkinli olun. Sanki bizi öz yoxluğuna alışdırmaq istəyirdi. Gülə-gülə maşına mindi. Gözlərindəki o parıltını hələ də unuda bilmirəm. Müharibədə olanda da tez-tez danışırdıq. Deyirdi ki, məndən heç nə soruşmayın, yaxşıyam, sağlığım yerindədir. Çox qapalı idi. Hər şeyi deməzdi. Çox bilib, az danışardı. Ən son oktyabr ayının 16-da zəng etdi. Atama dedi ki, çox fikir etməyin, nə olarsa olacaq, qismətdən qaçış yoxdur. Bu danışığı əvvəlkilər kimi deyildi. Şəhid olan günün səhəri qardaşım yuxuda görüb ki, kimsə əli ilə sinəsini yarıb ciyərini çıxardır. O bu yuxuya ayılıb və Allaha yalvarıb ki, Bəhruzu qorusun. Bizə öncə demişdilər ki, Bəhruz yaralıdır. Bir az keçmişdi həyətimizə bayraq gətirdilər. Bayrağı görəndə bildim ki, qardaşım şəhid olub. O şəhid olandan sonra bütün həyatımız məhv oldu. Bəhruzun bizim evdən getməsi evin şadlığını, xoş nə var idisə hər şeyi özü ilə götürüb apardı. Bəhruzun yoxluğu bizim işıqlı həyatımızı qaranlığa döndərib. Heç cür qəbul edə bilmirik. Çox ağırdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların ata-analarının nə keçirdiyini yaxşı bilirik. Torpaqlarımızın azadlığı bütün şəhidlərimizin arzusu idi. Qarabağ uğrunda Azərbaycan bu günə qədər 40 mindən çox şəhid verib. Bu gün onların hər birinin ruhu şaddır. Əsirlərimiz, itkinlərimiz də az olmayıb. Heç bir döyüşçü ora öz şəxsi marağı üçün getməyib. Məqsəd torpaqlarımızın azadlığı olub.
Qeyd edək ki, Bəhruz Hüseynov vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bəhruz Hüseynovun cənnətdəki ilk doğum günündə adına inşa edilən xatirə lövhəsinin açılışı olub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD