Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, gizir Xəqani Füzuli oğlu Əliyevin anım günüdür. O, 1990-cı il iyunun 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. 2009-cu ildə 10 saylı Sumqayıt şəhər Peşə Liseyini bitirib. 2011-ci ildə Daxili Qoşunlarda xidmətə başlayıb. 2013-cü ildə ehtiyata buraxılan Xəqani Əliyev daha sonra, 2015-ci ildə yenidən N saylı hərbi hissədə kəşfiyyat tağım komandirinin müavini kimi xidmətə başlayıb.
Azərbaycan Ordusunun giziri olan Xəqani Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.
Xəqani Əliyev oktyabrın 28-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xəqani Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Bundan başqa qəhrəman şəhidimizin Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda şücaətləri və qüsursuz xidməti nəzərə alınaraq “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Qeyd edək ki, Xəqani Əliyev Vətən Müharibəsinə yollananda nişanlı idi. Bütün arzularını Vətənə, torpaqlarımızın azadlığına qurban edən qəhrəman şəhidimiz, məzarın nurla dolsun, ruhun şad olsun!
Mina RƏŞİD