27.04.2026, 19:24
AZ EN
27.04.2026, 17:14 23

Horovluda torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlanır

ŞƏRQİ ZƏNGƏZUR
  • Bu gündən Cəbrayıl rayonunun Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.

Bildirilib ki, qəbul prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə aparılacaq və mayın 27-si günün sonuna qədər davam edəcək.

Horovlu kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kənddə birillik və çoxillik bitkilərdən - alma, armud, xurma, şaftalı, nektarin, ərik, nar, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, buğda, arpa, qarğıdalı, soya, yonca, xaşa, kartof və şəkər çuğunduru əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Horovlu kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" – "Horovlu" seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Horovlu kəndi olduğunu Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqində qeyd etmək.

Müraciət edən şəxslərlə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixlərində baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 ildir və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq. (Report)

Oxşar xəbərlər