27.06.2025, 12:44
AZ EN
10.06.2024, 10:21 384

Elnur özünü və yoldaşlarını mühasirədən çıxarmışdı…

XƏBƏRLƏR
  • Elnur Sumqayıtda anadan olub. Uşaq vaxtı çox xəstələnib. Buna görə də ailəsi havanı dəyişmək üçün Sabirabada köçüblər. Anası deyir ki, bundan sonra Elnur yaxşılaşdı və məktəbə getdi. Ailədə üç bacının tək qardaşı idi. Bacısı deyir ki, o çox şirin uşağıydı, elə yaraşıqlıydı özündən yuxarı sinifdə oxuyan uşaqlar onu çox istəyirdilər. Nadinc idi, bir yerdə dayanmırdı. İdmanı çox sevirdi və güləş üzrə uğurlar da qazanmışdı. Kəşfiyyatçı idi, hər an müharibənin başlanmasını gözləyirdi və döyüşə hazır idi…  

İkinci Vətən Müharibəsinin qəhrəman şəhidi Elnur Aydın oğlu Tağıyevin bu gün doğum günüdür. O, 1997-ci il iyunun 10-da Sumqayıtda dünyaya gəlib. Sonra ailəsi Sabirabad rayonuna köçüb. Elnur orta təhsilini Sabirabad rayonu Xəlfəli kənd tam orta məktəbində alıb. 2015-ci ildə Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Naxçıvan MR-da “N”saylı hərbi hissədə kəşfiyyatçı kimi başa vurub.
Onun peşəkar hərbçi olmaq üçün potensial imkanlarını görən türk zabitlər altı aylıq təlimlərə qatılmasına şərait yaradıb. Həmin təlimlərdə Elnur yüksək nəticə göstərdiyinə görə fəxri fərmanla təltif edilib.

İkinci Vətən Müharibəsində Elnur bir kəşfiyyatçı kimi döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən qanlı savaşlarda vuruşub. Bir dəfə qızğın döyüş zamanı yoldaşları ilə beş gün mühasirədə qalıb. Qorxmaz və cəsurluğu ilə Elnur özünü və yoldaşlarını həmin mühasirədən xilas etməyi bacarıb.

Oktyabrın 25-də Qubadlı uğrunda gedən döyüşlərdə Elnur Tağıyev qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elnur Tağıyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Elnur balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər