Xocalı sakini, Qamboy Həsənov:
25 il mən orda yaşamışam. 25 orda yaşamışam, 32 il burda. Amma ora daha doğmadır mənə, bu gün aparsalar, hazıram gedim. Evindən-eşiyindən, yerindən-yurdundan, isti ocağından didərgin düşmək, başqa bir yerdə çətin şəraitdə yaşamaq çox ağırdır. Biz burda 32 ildə çox əziyyət çəkmişik. Uzun illər orda rəhmətə gedənlərimizi ziyarət edə bilmədik. Birinci arzumuz odur ki, gedib onları ziyarət edək.
Doğulduğu torpaq Qamboy Həsənovu səsləyir, qovuşmaq istəyir. Çünki torpağın da doğma sakinlərindən uzaq, 32 illik eyni həsrəti var.
Qamboy Həsənovun ailəsi Xocalının işğalı vaxtı bir-birindən ayrı düşüb. Qardaşları və valideynləri ilə sonrdan qovuşsa da, deyir ki, onlar bu həsrətə çox dözmədilər. Xocalıya qayıdışımızı görmədən bu dünyadan köçdülər. Qardaşının həyat yoldaşı Zəminə xanım isə çəkdiyi əzabları, itirdiyi qohum-dostlarını bir gün belə unutmadığını deyir: “Mənim rəhmətlik həyat yoldaşım çox vətənpərvər idi, Qayınlarım da eləcə. Həmişə maması oğlu var idi, özü də professor idi, elə bil qələmi ilə Milli Qəhrəman idi. Həmişə vərətənpərvərlikdən yazırdı. O, biziə gələndə həmişə vətənpərvərliklə bağlı maraqlı söhbərlər edirdi. O qədər danışırdı ki, yoldaşımla... Yoldaşım rəhmətə gedəndə ona dedik ki, bir şeir yazsın qəbir daşına vurmaq üçün. O da yazmışdı:
Üç qardaş üçümüz də Xocalıda doğulduq,
Pirşağı torpağında haqq evinə qoyulduq.
İnanırıq, bir gün qayıdacaq yurdumuz,
Tək onda təkcə onda şad olacaq ruhumuz.
Xocalı qayıtdı. Gözü yolda, ürəyi o torpaqda qalan hər kəs indi şaddır.
Zəminə Quliyeva:
-İnşallah, gedərik torpaqlarımıza. Yəqin ki, əvvəlki sevinclərimizi indi orda davam edərik nəvələrimilə bir yerdə.
Hazırladı: Tahirə AĞAMİRZƏ