Şövkət Zərin Horovlu, yazıçı, şair, AYB-nin üzvü, Prezident mükafatçısı, Rəsul Rza, Mikayıl Müşfiq diplomlarının sahibi, M.Kaşğari beynəlxalq mükafatçısı:
Mənim yurdum, elim-obam Qarabağ, Şərqi Zəngəzurdur. Cəbrayılda anadan olmuşam. Xoşbəxtəm ki, yurdumun azad olunduğunu görmək mənə də qismət oldu. Həmişə bu torpaqlardan, Qarabağdan yazmışam. Beş romanım, üç povestim var. Uşaqlarla bağlı əsərlər də yazmışam. Mən Şuşanı xəyallarımda canlandırırdım. Düşünürdüm ki, Şuşanı azad etmək bir möcüzə ola bilərdi. Amma biz bu möcüzəni gördük, yaşadıq. Dövlətimiz, ordumuz bu böyük arzumuzu gerçəkləşdirdi. Şuşanın alınmasıyla sanki ikinci bir həyat yaşamağa başladım. Dövlət başçımızın apardığı siyasət, belə böyük qələbə heç dünya miqyasında olmamışdı. Xalqın gücü sel gücüdü. Hamı bir məqsədlə birləşdi. Birinci Qarabağ müharibəsində 3 nəfər, İkinci Vətən Müharibəsində isə yaxınlarımdan 2 şəhid vermişəm. İndi işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri elə vüsət alıb ki, insan ikinci bir ömür də yaşamaq istəyir. Xankəndi, Xocalı, Ağdərə, sevincimizin həddi-hüdudu yoxdu.
Arzu edərdim ki, bizdən sonra gələn nəsillər dövlətimizin, bizə bu zəfəri bəxş edən sərkərdəmizin qədrini, qiymətini bilsin.
Hazırda şeir və poemalardan ibarət 5-ci cildin üzərində işləyirəm. Başqa yazılarım da var ki, çalışıram. Ömür məni yarıda qoymasa gələn ildə bu arzularım həyata keçər.
Sevinc Nuruqızı, yazıçı, AYB-nin üzvü, “Qızıl Kəlmə” mükafatçısı:
Bir ana, bir yazıçı kimi 2023-cü ili müsbət qiymətləndirirəm. Bu il ömrüm boyu yadımda qalacaq. Həm Vətənimizin siyasi aləmdə tutduğu mövqeyə görə, həm əldə etdiyimiz möhtəşəm uğurlara görə... Qarabağın azadlığı və bərpası yolunda atdığımız addımlara görə çox sevincliyəm, qəlbim fərəhllə doludu. Bu yolda canlarını verən şəhidlərimizə min rəhmət olsun, onzsuz da onaların yeri behiştdi. Qazilərimizə Allahdan şəfa diləyirəm.
2023-cü ildə həm yazıçı kimi, həm də ictimai fəaliyyət baxımından uğurlarım çox oldu. “Zəfər nəğməsi Şuşa kitabım” çap edildi. “Melisa” rus və ingilis dillərində işıq üzü gördü vəs...
Yeni il üzümüzə uğurla gəlsin. Xoş gəlsin, xoş yola salaq. Səhvlərimiz, özünə inamsızlıqlarımız, təəssüflərimiz olmasın. Bir də, arzularım Qarabağın sürətlə bərpasıyla bağlıdı. Babalarımızdan bizə qalan, haqqımız olan doğma torpaqlarımızda yaşamaq hər birimizə nəsib olsun. Bütün insanlarımızın Qarabağın quruculuq işlərində ona öz töhfələrini verməyi arzulayıram. Uşaqlarımız azad Qarabağda, dünya standartlarına uyğun müasir şəraitdə azad, xoşbəxt yaşasınlar.
Hicran Hüseynova, yazıçı, AYB-nin üzvü, “Ulduz” jurnalının şöbə redaktoru:
Ötən 2023-cü ili uğurlu il saymaq olar, bəli, həmd olsun uca Yaradana. Geniş mənada götürəndə ölkəmiz üçün uğurlu oldu bu il, doğma Qarabağımızda gedən quruculuq işləriylə, yurd-yuvasından ayrı düşənlərin elinə-obasına böyük qayıdışıyla yadda qaldı.
Özümüzə gələndə isə illərdi çalışdığım bir jurnalın-“Ulduz” aylıq ədəbiyyat jurnalının uğurlarından danışmaq istərdim. 56 yaşlı jurnalımızın hər nömrəsinin gəlişi bizimçün bir bayramdı, hər nömrəni eyni məsuliyyətlə, eyni həvəslə hazırlayırıq. Bəzi nömrələri gənclərin ixtiyarına vermişik və Qarabağ mövzusu bizim üçün birincidir. 2024-cü il dövlətimiz, millətimiz və hər birimiz üçün xeyirli, uğurlu olsun. Sizinlə doğma Qarabağda, anamın doğulduğu Şuşada, ata yurdum Füzulidə görüşək.
Hazırladı: Mina RƏŞİD