O, 1991-ci il avqustun 14 Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olub. Atası Rəhim Mədətov deyir ki, Zülal hərbi xidmətini başa vurub 2019-cu ildə yenidən Vətənin müdafiəsinə yollandı. Naxçıvanda bir ildən çox xidmət etdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin dəvəti ilə Bakıya gəldi. Zülalın ən böyük arzusu kəşfiyyatçı olmaq idi. O, imtahandan uğurla keçdi və xüsusi təyinatlı əsgərlərə qoşuldu. Zülal özünü dərk edəndən torpaqlarımızı geri qaytarmaq onun ən böyük amalına çevrilmişdi. Odur ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində cəbhəyə yollanan ilk əsgərlərdən biri kimi 300 nəfərlik alayla döyüşlərə atıldı.
Zülal Mədətov Zəngilan, Xocavənd və başqa istiqamətlərdə gedən qanlı döyüşlərdə qəhrəmancasına döyüşüb. O, oktyabrın 10-da Xocavənd döyüşləri zamanı şəhadətə ucalıb. Şəhidimiz doğma Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Zülal Mədətov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Anası deyir ki, Zülalın yoxluğu onun üçün çox çətindi. Ancaq Şəhidlər ölmür və fəxr edir ki, övladı Vətən üçün vuruşub, torpaqlarımızın geri alınmasında qəhrəmanlıq göstərib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD