Bunu Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib.
Ölkədə yetişən bitki növlərindən danışan professor: “Dərman bitkiləri 1545 növlə təmsil olunur ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3 faizini təşkil edir. Bunların 135-i ofisinal dərman bitkiləridir. Həmin bitkilərdən hələ çox qədim zamanlardan müxtəlif xəstəlik və patoloji proseslər zamanı xalq təbabətində geniş istifadə olunur. Azərbaycanın zəngin dərman bitki xammalı hələ qədim dövrlərdə digər ölkə və xalqların maraq dairəsində olub və bu nemətdən bacardıqları qədər faydalanmağa çalışıblar. Məsələn, məşhur tarixçi Strabonun verdiyi məlumata görə, Qafqaz Albaniyası dövlətinin mövcud olduğu dövrlərdə (I-VII əsrlər) Roma imperiyası ilə Albaniya arasında Dioskrididə (indiki Suxumi şəhəri) bağlanan müqaviləyə əsasən, Albaniya ərazisində (xüsusən, Qarabağ zonası) yığılan bitkilərdən hazırlanan dərmanlar kiçik şüşə qablara doldurularaq öyrənilmək və istifadə olunmaq üçün Roma imperiyasına göndərilirdi”, - deyə qeyd edib.
Professor XII-XVII əsrə aid olan əlyazmalarda qeyd olunan faktlardan danışıb: “Əlyazmalar göstərir ki, Qarabağ əhalisi bu bölgədə bitən 700 adda bitkidən müalicə məqsədilə istifadə edib. 30 ildə erməni əsarətində olan bu müqəddəs bölgəmizin bütün təbii sərvətləri, o cümlədən dərman bitki florası talan edilib. Erməni işğalına qədər Qarabağda 600-dən artıq dərman bitki növü yetişirdi. Bu bitkilərin tərkibində insan sağlamlığına müsbət təsir edən bir çox maddələr var və müvafiq məqsədlərlə istifadə olunur. Bu bitki növlərinin onda bir hissəsi isə farmakopeyaya daxil edilən ofisinal dərman bitkisi idi. Bunların da 32 növü Azərbaycanda “Qırmızı kitaba” daxil edilib və endemik olaraq Qafqaz florasına aid edilən dərman bitkiləridir. Həmin bitkilərin böyük əksəriyyəti erməni barbarlığının nəticəsi olaraq, tamamilə yox olmaq təhlükəsi altındadır. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz Qarabağın yeraltı və yerüstü sərvətlərinin, o cümlədən dərman bitki florası daxil olmaqla, bütün təbii müalicə vasitələrinin yenidən xalqımıza qaytarılmasını təmin etdi. Bu səbəbdən hazırda əsas vəzifələrdən biri işğaldan azad olunan torpaqlarda bu bitki florasının bərpasıdır. Xüsusi maraq doğuran və praktik əhəmiyyət kəsb edən cəhət odur ki, Qafqaz florasına aid edilən dərman bitkilərinin bir çox növü yalnız Qarabağ zonası üçün endemikdir. Yəni onlar Qarabağdan başqa dünyanın heç bir yerində təbii şəkildə yetişmir”.
Mütəxəssis vurğulayıb ki, 30 illik işğal səbəbindən Qarabağın hazırki florası haqqında tam məlumata malik deyilik: “Biz bu məlumatı yalnız Qarabağ ərazisi minalardan tam təmizləndikdən sonra aparılacaq monitorinqlər nəticəsində əldə edəcəyik. Əlimizdə olan və tarixi keçən əsrin 80-ci illərinin ikinci yarısına təsadüf edən son rəsmi məlumata görə, Qarabağ regionunda 800-dən artıq nadir bitki növü var idi. Hazırda onların 250-dən çoxu yox olmaq üzrədir. Bunlardan Araz palıdı, qanadlı fındıq, Şərq çinarı, adi nar, meşə üzümləri, şimşir, Eldar şamı, Şuşa gülü, söyüd armudu, Qarabağ dağ laləsi və digərlərini göstərmək olar. Onların xeyli hissəsində gələcəkdə tibbi praktikada istifadəyə əsas ola biləcək, lakin ciddi tədqiqatların aparılmasına ehtiyacı olan bioloji aktiv birləşmələr var. Məsələn, Qarabağ dağ laləsinin soğanağından kardiotonik və sedativ təsirli yüksək farmakoloji fəallığa malik alkaloidlər alınıb”.
Professor Qarabağa Böyük Qayıdış zamanı bitki florasının bərpası və hərtərəfli öyrənilməsinin vacibliyini vurğulayıb: “Qarabağda gələcəkdə elmi-tədqiqat institutlarına çevriləcək xüsusi eksperimental laboratoriyaların yaradılması və aparılacaq eksperimental, klinik tədqiqatlara farmakoloji nəzarətin təmin olunması əsas şərtlərdir. Məsələnin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, gələcəkdə istehsalçı ölkə Azərbaycan olan bitki tərkibli yeni dərman preparatlarının alınması, ölkəmizin müvafiq dərman preparatları idxalından asılılığının azaldılması və hətta xaricə ixracı perspektivi tamamilə realdır”. (AZƏRTAC)