"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Robert Qevondyan iki gün əvvəl Moskvada Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyanla görüşü zamanı söylədiyi fikirləri şərh edərkən bildirib. Onun sözlərinə görə, Putin qarşıdakı seçkilərdə Rusiyayönümlü siyasətçilərin prosesdə fəal iştirakına şərait yaradılmasını və Ermənistan Konstitusiyasını istədiyi kimi yenidən tərtib edilməsini istəyir. Baş nazir isə onun bu iddialarını rədd edib və buna görə Moskvadan İrəvana yönəlik iddialar artmağa ba.layıb: "Əslində bu hücumlar əvvəldən də gözlənilirdi. Artıq Rusiyadan müxtəlif istiqamətlərdən zərbələrin endirilməyə başlandığını görürük. Hibrid hücumlar daha da intensivləşəcək. Hətta Rusiya öz adamı kimi Ermənistana göndərdiyi Samvel Karapetyanın Baş nazirliyə nazmizədliyinin hüquqi qüvvə almasına kömək etmək üçün qrup da göndərə bilər".
Qevondyan vurğulayıb ki, Rusiya öz məqsədlərinə çatmaq üçün Ermənistandakı peyklərinə istədikləri qədər pul xərləməyə də hazırdır. Çünki Ermənistanı özünün siyasi boyundurğu altında saxlamaq üçün böyük risklərə gedib: "Amma Nikol Paşinyan heç kəsin gözləmədiyi halda Putinin tələb və xahişlərini rədd edərək deyib ki, Samvel Karapetyan Rusiya pasportu daşıyır və onun Ermənistanda Baş nazir seçilmək hüququ yoxdur".
Erməni politoloq onu da deyib ki, Putin həmişə Qarabağ mövzusundan istifadə edərək erməni xalqına psixoloji təsir göstərməyə çalışıb. Amma onun fikrincə, bu dəfə Ermənistan rəhbərliyi doğrudan da demokratik və azad şəkildə öz qərarını verəcək: "İyunun 7-də Ermənistanın demokratik dövlət olaraq qalması və avtoritarizmə qayıtması arasında seçim edəcəyik”.
Xatırladaq ki, aprelin 1-də Kremldə Vladimir Putin Nikol Paşinyanla görüşdə Samvel Karapetyanla bağlı məsələyə diqqət çəkib. Putin söyləyib ki, Ermənistanda qarşıdan gələn seçkilərdə iştirak etmək istəyini bildirən və Rusiya pasportları olan şəxslərin olduğunu və onlardan bəzilərinin həbsdə olduğunu bilir: “Bu, sizin qərarınızdır, amma biz istərdik ki, Rusiya pasportu olanlar daxili siyasi proseslərdə iştirak edə bilsinlər”.
Ermənistan Baş naziri isə belə cavab verib: "Bu seçkilərdə ancaq Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilərlər. Ermənistan Konstitusiyasına görə, Rusiya pasportuna malik şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilərlər".
Elxan SALAHOV