Azərbaycan Milli QHT Forumunun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şurası ilə birgə "Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə, qurbanların hüquqlarının müdafiəsi və beynəlxalq çağırışlar" mövzusunda ictimai müzakirə keçirilib.
Tədbir 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ərəfəsində keçirilərək mina təhlükəsinin aktuallığını, bu sahədə mövcud çağırışları və həll istiqamətlərini diqqətə çatdırmaq məqsədi ilə baş tutub.
Tədbirin açılışında Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli və ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev mina təhlükəsinin Azərbaycan üçün yaratdığı humanitar, sosial və iqtisadi fəsadlardan bəhs etmiş, bu istiqamətdə dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi: mövcud vəziyyət, çağırışlar və hədəflər" mövzusunda təqdimatla çıxış edib, mina ilə çirklənmiş ərazilərin miqyası, mövcud risklər və aparılan minatəmizləmə işləri barədə ətraflı məlumat verib.
Daha sonra Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctima Birliyinin sədri Rey Kərimoğlu və Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli mina təhlükəsi ilə mübarizədə maarifləndirmə fəaliyyətlərinin rolu, ictimai məlumatlandırmanın effektiv üsulları və media ilə əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub.
Müzakirələr çərçivəsində ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov və Şuranın üzvü Rəşad Mehdiyev mina qurbanlarının hüquqlarının müdafiəsi, onların sosial təminatı və beynəlxalq səviyyədə vəkillik fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.
İctimai müzakirədə Azərbaycan QHT-lərinin 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Bəyanatı səsləndirilib.
Tədbirin sonunda mina qurbanlarının fotoları, mina və partlamamış hərbi sursatların maketlərin posterlərin nümayiş olunub. (Report)