"Vətən səsi" xəbər veir ki, bunu polotoloq Elxan Şahinoğlu İlham Əliyevdən sonra Paşinyanın Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk rəsmi səfəriə yollanmasını sərh edərkən bildirib. Onun fikrincə, Bakı-Ankara-İrəvan xəttində müəyyən gedişlərin olduğu artıq sirr deyil: "Əslində Prezident İlham Əliyevlə Ərdoğan arasında Paşinyandan öncə keçirilən görüş İrəvana bir mesaj idi. Bununla Türkiyə Prezidenti Ermənistanın Baş nazirinə mesaj verir ki, “bir gün qabaq öz müttəfiqini qəbul edir və onunla fikir mübadiləsi aparır”. Bu, Türkiyənin Ermənistanla sərhədi qeyd-şərtsiz aça bilməməsi ilə bağlı da bir xəbərdarlıq idi. Azərbaycan və Türkiyə prezidentləri Kahramanmaraşda bu məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Buna qədər Türkiyədə üçtərəfli görüşün keçiriləcəyinə dair iddialar da səslənirdi. Görünür, bu dəfə belə bir görüş alınmadı, amma bu, faydalı olardı".
Politoloq hesab edir ki, Ermənistanın Rusiya və Fransa kimi dövlətlərin orbitindən çıxarılması əsas hədəf olmalıdır. Həmçinin elə bir şərait yaradılmalıdır ki, İrəvan Bakı və Ankarının təsiri altından kənara çıxa bilməsin: "Vaxtilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlər Avropa İttifaqının, Rusiyanın və Fransa kimi ölkələrin vasitəçiliyi ilə baş tuturdu. İndiki halda vasitəçilik olmasa da, üçtərəfli görüş ünvanı kimi Türkiyənin seçilməsi daha məqbuldur. Gələcəkdə Azərbaycan-Türkiyə-Ermənistan arasında üçtərəfli formatın təsis olunması da mümkün variantlardan biridir. Lakin bunlar Azərbycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından sonra mümkün ola bilər".
Elxan Şahinoğlu bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz olaraq açılmasını və diplomatik əlaqələrin qurulmasına istəyir. Onun sözlərinə görə, Paşinyanın Türkiyəyə səfərinin əsas məqsədi məhz budur və o, Ərdoğanın buna razılıq verməsinə çalışır: "Paşinyan Ərdoğandan xahiş edə bilər ki, Azərbaycanla sülh sazişi imzalamaqda kömək etsin. Çünki bu məsələ yubanır, üstəlik gələn il Ermənistanda referendum keçiriləcək və o vaxta qədər Paşinyan Türkiyə ilə sərhədlərn açılmasını, diplomatik əlaqələrin normallaşdırılmasını istəyir. Ərdoğan isə dəfələrlə bəyan edib ki, sərhədlərin açılması üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmalıdır. Ankarının əsas şərti odur ki, “Azərbaycanla məsələləri həll edin, konstitusiyanı dəyişdirin, sülh sazişini imzalayın, Zəngəzur dəhlizini açın və bundan sonra Türkiyə ilə Ermənistan arasında da münasibətlər avtomatik olaraq normal hala düşəcək. Bütün bunlar həll ediləndən sonra Türkiyə sərhədləri aça və Ermənistanla münasibətlər qurula bilər".
Elxan SALAHOV