Bunu açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Deputat qeyd edib ki, səfər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər də iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin genişliyini nümayiş etdirir. Prezident İlham Əliyev də mətbuata bəyanatında iki ölkə arasında əməkdaşlığın çox güclü çərçivəsinin olduğunu bildirərək doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdığını deyib.
“Zəngin enerji resurslarından, strateji yerləşməsindən səmərəli şəkildə faydalanan, iqtisadiyyatını gündən-günə gücləndirən, eyni zamanda, regionda sülhü bərqərar edən Azərbaycan bu gün əməkdaşlıq üçün cəlbedici məkana çevrilir. Azərbaycan-Latviya biznes-forumundakı çıxışında dövlətimizin başçısının qeyd etdiyi fikri xüsusi vurğulamaq istərdim: “Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük”. Təbii ki, ÜDM-də qeyri-neft sektorunun payının 70 faizi keçməsi Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinin real nəticələr verdiyini göstərir. Bu dinamika ölkə iqtisadiyyatında enerji resurslarından asılılığın azaldığını və dayanıqlı inkişaf modelinə keçidin uğurla həyata keçirildiyini təsdiqləyir”, - deyə o vurğulayıb.
Dövlət başçılarının müzakirələri zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi, biznes əlaqələrinin gücləndirilməsi və yeni layihələrin reallaşdırılması imkanlarının diqqət mərkəzində olduğunu söyləyən M. Qasımlı Latviyadan olan iş adamları üçün də yeni imkanlar açıldığını söyləyib. Bu xüsusda keçirilən biznes forum real iqtisadi nəticələrə hesablanmış əməkdaşlıq platforması kimi bu istiqamətdə fəaliyyətə mühüm töhfə verəcək.
Latviya Prezidentinin səfəri çərçivəsində imzalanan sənədlərin əhəmiyyətindən bəhs edən deputat bildirib ki, daxili işlər, kənd təsərrüfatı, konsulluq fəaliyyəti, sərhəd təhlükəsizliyi və digər sahələr üzrə imzalanan sənədlər konkret istiqamətlər üzrə praktik əməkdaşlığın genişlənməsini təmin edən real mexanizmlər yaradır. Ümumilikdə isə Azərbaycan-Latviya münasibətlərindəki yüksək dinamika ölkəmizin Avropa məkanında artan rolunun göstəricisidir. (AZƏRTAC)