"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Nəşr iddia edir ki, "yuxarı səviyyədə təşkil olunan təzyiqlərə" din xadimləri barədə yayılan məlumatları yoxlamaq və həqiqətləri üzə çıxarmaq, kilsə nümayəndələrini gündəlik fəaliyyətini izləmək və ictimai qınağa səbəb olan amilləri daha qabarıq şəkildə geniş ictimaiyyətə çatdırmaqla onları nüfuzdan salmaqla bağlı tədbirlər daxildir.
Buna paralel olaraq, ölkə rəhbərliyi kilsə daxilində katolikos II Qareginə qarşı koalisiya, eləcə də onun həmin postda əvəzlənməsi üçün şəraitin yaradılması üzərində çalışır.
Məqalədə o da qeyd olunur ki, Nikol Paşinyan mayın 29-da hökumətin iclası zamanı Erməni Apostol Kilsəsini yenidən tənqid edib və kilsələrin hazırda yaxşı vəziyyətdə olmadığını söyləyib. Onun sözlərinə görə, kilsələrdə sement torbaları, köhnə, paslanmış armatur parçaları saxlanılır. Paşinyanın bu çıxışı ölkənin din xadimlərinin tənqidlərinə səbəb olub. Bunun ardınca, Baş nazir feysbuk hesabında kilsələrlə bağlı paylaşımlar edərək din xadimlərini dini qaydaları pozmaqda, eləcə də arxiyepiskoplardan birini dayısının həyat yoldaşı ilə cinsi əlaqədə ittiham edib. Daha sonra isə, Paşinyan paylaşımlarına davam edərək katolikosu subaylıq andını pozmaqda günahlandırıb. Bu hadisələrdən sonra Ermənistanın, həmçinin etik məsələlərə nəzarət edən Korrupsiya ilə mübarizə Komissiyası Paşinyanın erməni din xadimləri ilə bağlı paylaşımlarına dair araşdırma başladıb.
Bu gün isə Ermənistan Baş naziri özü katolikos II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib. O, özünün sosial şəbəkə hesabında II Qaregini və onu müdafiə edənləri kəskin şəkildə tənqid edib. Paşinyanın sözlərinə görə, onun II Qareginə ünvanlanmış tənqidlərini “Azərbaycan” və ya “Türkiyə izi” kimi təqdim etmək cəhdləri ikiüzlülüyün təzahürüdür.
Elxan SALAHOV