İşğaldan azad edilmiş şəhər və rayonlarda tikinti işlərinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün həmin ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə aparılır. İlk növbədə, kommunikasiyaların keçdiyi ərazilər minalardan təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində böyük infrastruktur layihələri icra edilib.
Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov AZƏRTAC-a açıqlamasında söyləyib.
“İşğaldan azad olunmuş 5 şəhərin Baş planı təsdiq olunub. Bu şəhərlərin tikintisi müasir şəhər layihələri üzrə həyata keçiriləcək. O cümlədən Zəngilan rayonunun Ağalı kəndinin “Ağıllı kənd” konsepsiyası üzrə tikintisi başa çatdırılıb, iyulun 19-dan bu kəndə ağalılıların mərhələli şəkildə qayıdışı təşkil olunub. Ağalı kəndi ən müasir şəkildə tikilib və 30 il ağır məcburi köçkünlük həyatı yaşamış insanlar bundan sonra doğma yurdlarında müasir şəraitdə yaşayacaqlar. Bu kənddə 200 ev tikilib, bütün xidmətlər elektronlaşdırılıb, insanlar üçün maksimum yaşayış təmin olunub. Ağalının adı kənd olsa da, buradakı rahatlıq şəhərlərdən də yaxşı səviyyədədir. Yəni, Ağalı kəndi işğaldan azad olunmuş ərazilərdə tikiləcək şəhər və kəndlərimizin bir nümunəsidir. Ən əsas məqamlardan biri də Ağalıya qayıdan insanların məşğulluq məsələlərinin qabaqcadan həll olunmasıdır. Bu gün Ağalıya qayıtmaq üçün əşyalarını yük maşınlarına yığan sakinlərin üzündə təbəssüm, sevinc və xoşbəxtlik yaşanır. 29 il əvvəl məcburi köçkün düşən insanlar bundan sonra Ağalıda nişan və toy mərasimləri təşkil edəcəklər. Ağalılıların sevincinə məcburi köçkünlər, o cümlədən bütün Azərbaycan xalqı sevinir. Çünki işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq proseslərindən sonra köçkünlərimizin ilk qayıdışı Ağalıya oldu. 29 il doğma yurduna qayıtmağı xəyal edən məcburi köçkünlərin arzuları Ağalıda reallaşmağa başladı. Şuşada və digər ərazilərdə də tikilmiş yeni yaşayış massivlərinə əhalinin köçürülməsinin tezliklə şahidi olacağıq. Kəlbəcərdə, Laçında, Şuşada Novruz bayramı tonqalları yandırılıb. Cıdır düzündə yenidən “Xarıbülbül” festivalları və Vaqif Poeziya Günləri keçirilir. Bu il isə Şuşa şəhərinin 270 illiyi qeyd olunacaq.
Bu gün xarabalığa çevrilmiş, viran qoyulmuş torpaqlara yenidən nəfəs verilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilər cənnətə çevriləcək. Ancaq torpağın həqiqi sahibi onu belə əzizləyə bilər”, - deyə deputat bildirib.
Hazırladı: Sevda SÜLEYMANOVA